Xəstəyə antibiotik və sistem köçürülməsindən yersiz istifadənin yaratdığı problemlər yenidən aktuallaşıb. Bu günlərdə Şəki Rayon Mərkəzi Xəstəxanasında 5 yaşlı qızın tibb bacısının köçürdüyü sistemin əks təsirindən dünyasını dəyişməsi məsələnin ciddiliyini bir daha gündəmə gətirib.
Məlumat üçün bildirək ki, antibiotiklərin uzun müddət qeyri-düzgün istifadə edilməsi düz bağırsaq xərçənginə, dizbakterioza və s səbəb olur.
Antibiotikləri yalnız həkim təyinatı ilə bakteriyalara qarşı həssaslığı yoxlanılaraq qəbul etmək lazımdır. Bununla yanaşı xəstəyə köçürülən sistemdən də əks təsir baş verə, ağırlaşamalar yarana, iltihab sahəsini artıra və ölümlə nəticələnə bilər.
Bizim.Media-ya bu barədə danışan tanınmış pediatr, tibb üzrə ekspert Vaqif Qarayev bildirib ki, ağır vəziyyətdən kənar uşaqlara sistem köçürülməsi yolverilməzdir:
“El arasında sistem dediyimiz infuzion terapiya yalnız ciddi hallarda və yalnız xəstəxanada aparılmalıdır. Bu mütləq və vacibdir. Ambulator şəraitdə müalicə alan xəstələrə, xüsusən uşaqlara sistem vurulmamalıdır. Çox zəruridirsə, vacibdirsə, xəstəxanaya getmək mümkünsüzdürsə, tibb bacısının deyil, mütləq həkimin nəzarəti altında sistem köçürülməldir. Çünki istənilən dərmandan xəstədə xoşagəlməz hallar, hətta şokdan ölüm də müşahidə oluna bilər. COVİD-dən sonra insanlarımız sistemə daha çox meyl edir. Düzgün deyil və qeyd etdiyim kimi, sistem xəstəxana şəraitində qoyulmalıdır. Uşağa evdə sistem qoyulursa, demək ki, vəziyyət çox ciddidir. Bu halda da evdə qalmamalıdır və xəstəxanaya getməlidir”.
Həkim vurğulayıb ki, əksər tibb bacıları sistem köçürülən zaman şablon dərmanlardan və hamıya eyni preparatlardan istifadə edir:
“Bunu da qəbul etmirəm və düzgün deyil. Tibb bacısı sistem köçürə bilər. Amma bu, həkimin nəzarəti və müşayiəti ilə həyata keçirilməlidir. Onu da deyim ki, istənilən dərmanın allergik təsiri var və bu təsir daha çox antibiotiklərdən olur. Hətta ölümlə nəticələnən şok da yaranır.
Həm venadaxili infuziya (sistem köçürülməsi), həm də antibiotiklərdən istifadə zamanı allerqoloji anamnezin öyrənilməsi çox vacibdi. Dünyanın hər yerində gözlənilməz dərman allergiyası olur ki, bəzən bundan da qaçmaq mümkün deyil”.