Goranboy rayonu Qarasüleymanlı kəndinin sakini Həsənov Ağəli Əliağa oğlu saytımıza müraciət edərək qardaşı Cavid Həsənov və digər bir neçə nəfərin mütəşəkkil dəstənin qurbanı olduğunu bildirib. Onun sözlərinə görə,
Hüseynov Məzahir Sahib oğlunun iştirakçısı olduğu bu dəstə xeyli müddətdir dələduzluq fəaliyyəti ilə məşğul olur və şərikli iş görmək, qazancın bir hissənini bölmək, eləcə də pensiya düzəltdirmək adı ilə insanları aldadaraq külli miqdarda pulunu mənimsəyir. Bu dəstənin üzvləri təkcə 4 zərərçəkmişin, yəni Ağəli və Cavid Həsənovların, Vaqif və Mənsur (müəyyən səbəblərdən bu iki zərərçəkmişin adı şərti olaraq qeyd olunur, lakin hüquq-mühafizə orqanlarına rəsmi müraciətdə bütün məlumatlar yer alacaq-red.)
106 min manatını mənimsəyib.
Şikayətçi bildirib ki, dəstə üzvləri Goranboyda pensiya düzəltmək adı ilə onlarla insanın 77 min manatdan artıq vəsaitini mənimsəyiblər. Dəstənin izləri hətta Bakıya qədər uzanır. Mütəşəkkil dəstə müxtəlif adlar altında insanları aldadır, onların etibarından istifadə edərək pulunu mənimsəyir.
Ağəli Həsənov bildirib ki, dəstənin üzvləri ilə söhbət zamanı onlar qanunsuz əməllərini açıq-aydın etiraf ediblər, lakin hüquq-mühafizə orqanları bununla bağlı onlara edilən müraciətləri dəqiq araşdırmayaraq dəstənin daha da əl-qol açmasına şərait yaradır.
Şikayətçinin redaksiyamıza təqdim etdiyi səs yazısında da dəstə üzvləri insanları aldadaraq pullarını mənimsədiklərini öz dilləri ilə etiraf ediblər. Belə ki, təqdim edilən səs yazısında şəxs pulu alver adı ilə aldığını etiraf edib: “Görünən və görünməyən pullar var. Görünən pul sənin , o birilərinin puludur. Elə olur ki, mənə 120 min, 90 min pul keçir. Məsələn, Agəli mənə pul verib, gəlib baxırdı ki, məsələn, bir “Kamaz” mal gəldi? Baxmırdı axı”.
Borclu olan tərəf səs yazısında etiraf edib ki, əslində həmin pullar iş görmək adı altında alınsa da, məqsəd başqa olub.O, insanlardan mənimsədikləri külli miqdarda vəsaiti müxtəlif məqsədlər üçün xərcləyib. Şəxs etiraf edib ki, milyon manatdan çox borcu var və bata-bata gedir:
“Getdim Bakıdan180 min pul götürdüm, heç əlimdə bir ay qalmadı. Ordan çıxan kimi, 5 min birinə, 8 min birinə, 10 min birinə verə -verə heç nə qalmadı. 36 nəfərə borcum var idi”.
Ağəli Həsənov bildirib ki, dəstənin üzvü olan Məzahir Hüseynov onu iş görmək adı ilə aldadaraq mənimsədiyi vəsaitlə bağlı Goranboy RPŞ-də müstəniq, polis mayoru Gündüz Yusofov tərəfindən araşdırma aparılıb. Ancaq hansısa səbəbdən müstəntiq Gündüz Yusifov toplanmış material üzrə cinayət tərkibinin olmadığını əsas gətirərək 05 iyun 2021-ci ildə cinayət işinin başlanmasınn rədd edilməsi barədə qərar qəbul edib.
Goranboy rayon prokuroru Kamran Məmmədov ona daxil olan şikayətə baxış zamanı polis şöbəsinin müstəntiqi, polis mayoru Gündüz Yusifov tərəfindən cinayət işinin başlanmasnn rədd edilməsi barədə qərarı qanunsuz və əsassız elan edib. Material əlavə araşdırma aparılması üçün Goranboy RPŞ-nə qaytarılıb.
29 aprel 2022-ci ildə Goranboy rayon Məhkəməsi də bunabənzər qərar verib. Hakim İsmayıl Abdülrəhmanlı Həsənov Ağəlinin məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti təmin edib və müstəntiq Gündüz Yusifovun 5 aprel 2022-ci il tarixili qərarı, yəni cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı qanunsuz hesab olunub. Məhkəmə də toplanmış material üzrə araşdırmanın davam etdirilməsi barədə qərar verib.
Ancaq ötən müddət ərzində Goranboy polisi işin hərtərəfli araşdırılması üçün heç bir addım atmayıb. Bu isə mütəşəkil dəstənin qurbanlarının sayının hər gün artacağını söyləməyə imkan verir. Başqa sözlə, əlaqədar dövlət qurumları susduğu müddətdə dəstə üzvləri başqa insanların da pulunu aldadaraq əllərindən almağa fürsət qazanmış olurlar. Qurbanların sayı da beləliklə durmadan artır.