Deputat “Azərişıq” ASC-ni sayğaca görə tənqid etdi: “Xalqa edilən hörmətsizliklərdən bezmişik”
“Azərişıq” ASC-nin SMS tipli sayğacları quraşdırması bir tərəfdən innovativ görünür. Amma bundan sui-istifadə hallarının olması, ödəniş edilən zaman sistemin sıradan çıxması, lazimi qaydada işləməməsi vətəndaşlara maddi və mənəvi ziyan vurur”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli bildirib.
Deputat qeyd edib ki, bu halların hansı səbəbdən baş verdiyinə müvafiq orqanlar aydınlıq gətirməlidirlər: “Bu hallar niyə və kimin təqsiri səbəbilə baş verir? Sistemin düzgün işləməməsindən irəli gəlir, yoxsa müvafiq xidmət sahəsinin? Bunları aydınlaşdırmaq lazımdır. Xalqa olan hörmətsizliklərdən bezmişik. Gah qaz, gah da işıq sayğaclarında problemlər olur. Bu, məni çox narahat edir. Dəfələrlə fikir bildirmişik, demişik. Ancaq nöqsanları düzətmədiklərinə görə deməkədən də utanırıq. Camaat da buna görə deyir ki, sizə necə icazə verirlər elə də danışırsınız… Ya da düşünürlər ki, danışığınızın bir xeyri yoxdursa, onda, ümumiyyətlə, nə üçün danışırsınız. Ona görə də bizim özümüz də bilmirik ki, nə edək… Nə qədər tənqid etmək olar? Nə qədər demək olar ki, belə şeylərlə xalqı incitməyin? Necə edək ki, bunlar dürüst işləsinlər? Bəzən də insanlar deyirlər ki, deputatsınızsa, parlamentsinizsə, gücünüz çatmırsa, ümumiyyətlə, orada niyə oturmusunuz? Mən son vaxtlar həqiqətən bunların üzərində çox düşünürəm. Müəyyən tələblər qoyulubsa və onlar həyata keçirilə bilmirlərsə, doğrudan da, biz orada niyə oturmuşuq ki? Əvvəllər bu suallardan çox inciyirdim, amma artıq incimirəm, çünki haqlıdırlar. Özüm elə gələcək seçkilərlərlə bağlı düşünürəm ki, əgər sən heç nə edə bilmirsənsə, heç bir tələbi yerinə yetirə bilmirsənsə, parlamentdə oturmağa dəyərmi?”