15 iyun 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsinin 1-ci il dönümüdür. Qeyd edək ki, həm Azərbaycan və həm də Türkiyə parlamentləri Şuşa bəyannaməsini ratifikasiya edib.
Bəyanamənin siyasi əhəmiyyəti barədə geniş danışmaq olar, onun vacibliyi, əhəmiyyəti haqqında bəlkə də əhatəli bir söz tapmaq elə də asan deyil.
1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini əldə etdikdən sonra müasir tariximizdə müstəqil dövlət olaraq imzaladığımız ən çətin və olduqca vacib sənəddir. Mərhum prezident Heydər Əliyevin məharəti ilə imzaladığı əsrin müqaviləsi iqtisadi müstəqilliyimizin, inkişafımızın bünövrəsi, təminatçısı kimi, Şyşa bəyannaməsi də siyasi müstəqilliyimizin qarantiyasıdır. Sözsüz ki, Şuşa Bəyanaməsinin siyasi, psixaloji nəticələri düşündüyümüzdən də böyükdür.
Elə bir neçə məqamı xatırlamaq Şuşa Bəyanaməsinin həyati vacibliyini açıq göstərir. İlk növbədə, Şuşa Bəyannaməsi 44 günlük vətən müharibəsində qazandığımız qələbənin nəticələrini qoruyub saxlamağı təmin etməklə postmüharibə dövrü üçün siyasi və dplomatik imkanlarımızı genişləndirdi.
Nəzərdən qaçırmamalıyıq ki, Rusiya 44 günlük müharibədə bu nəticəni gözləmirdi və bu müharibəni şəxsi, yəni haqlı olaraq Rusiyanın məğlubiyyəti kimi qiymətləndirirdi. Çünki, 44 günlük vətən müharibəsi Rusiyaın hərbi sənayesinin və hərb elminin yararsızlığını üzə çıxarmış oldu. Əslində Rusiyanın 44 günlük müharibədə neytrallığı ona hesablanmışdı ki, Ermənistan yeni Azərbaycan ərazilərini işğal etsin,Tovuz döyüşlərindəki çata bilmədiyi məqsədə çatsın. Ancaq Azərbaycan rus-erməni tandeminin planlarını alt-üst etdi. Odur ki, Rusiya Ermənistanı revanşa məcbur edəcəyi tam gözlənilən idi. Amma Şuşa Bəyannaməsi düşmənin revanş istəyinə imkan vermədi.
İkinci vacib məqam isə, Rusiyanın Ukraynaya təcavüzü fonunda daha aydın görünür. SSRİ-ni bərpa etmək arzusu ilə, qırmızı bayraqla keçmiş sovet respublikalarını fətt etmək istəyən Kreml hakimiyyətinin Azərbaycan arzusu da gizli deyildi.
Başqa bir məqam, Rusiyanın Ukrayna təcavüzünə görə dünyadan təcrid edilmiş, miqyası bilunməyən sanksiyalara və embarqoya məruz qalmış, siyasi, diplomatik, iqtisadi məhrumiyyətlərə düçar edilən Rusiyanın yeganə xilas yolu, ümidi Türkiyədir və hansı ki, Şuşa Bəyannaməsinin tələblərinə görə Azərbaycan və Türkiyə siyasi, diplomatik və iqtisadi addımlarını yekun məsləhətləşməsindən və Milli Təhlükəsizlik Şuralarının müzakirəsindən sonra həyata keçirir. Təbii ki, Finlandiya və Isveçin NATO-ya üzvlüyünə əngəl olan Türkiyə Rusiyaya “medvejiy” xidmət göstərməklə Rusiyanın qüvvəsinin parçalanmasının qarşısını müvəqqəti də olsa aldı. Sözsüz ki, Azərbaycan və Türkiyə bunu məsləhətləşmədən həyata keçirməzdi.
Şuşa Bəyannaməsinin hüquqi və siyasi tələbləri qardaş Türkiyə və Azərbaycanı mənəvi baxımdan bir dövlət formasında düşünməyi və görünməyi şərtləndirib. Rusiya – Qərb qarşıdurması, sanksiya və embarqoları fonunda, Avropanın enerji təhlükəsizliyinin ən qısa zamanda təminatçısı kimi Türkiyə və Azırbaycanın həlledici aktor olması, Şuşa Bəyannaməsi ilə beynəlxal mövqeyini inanılmaz dərəcədə möhkəmlədib və faktiki olaraq Azərbaycan və Türkiyə qlobal oyunçuya çevrilib.
Müstəqillik günü münasibəti ilə Azərbaycanı təbrik edən ABŞ prezidenti Co Baydenin Azərbaycan “sevgisi” məhz məcburiyyətdən idi. Vacib bir məqam da ondan ibarətdir ki, 10 noyabr Moskva üçtərəfli Bəyannaməsi ilə özünü Azərbaycana soxuşduran rus sülhməramlılarını ölkədən çıxarılmasını Şuşa Bəyannaməsi şərtləndirir. Şuşa Bəyannaməsi Azərbaycan dövləti üçün əhəmiyyəti onun müstəqilliyinin saxlanması, ərazi bütövlüyünün, suverenliyinin bərpasının təminatçısı səviyyəsidir. Şuşa bəyannaməsi ilə Türkiyə və Azərbaycan dünya masştabında söz sahibi mövqeyini təsdiq etməklə Türk dünyası üçün tarixi əzəmətini qaytarmağa unikal imkan yaradır. Türk əzəmətinin bərpası isə Şuşa bəyannaməsindən başladı