“Instagram”da açıq narkotik təbliği aparılır
Azərbaycanda narkotik vasitələrin yayılmasının qarşısını almaq istiqamətində tədbirlərin genişləndirilməsinə baxmayaraq, hələ də müəyyən məqsədlər üçün bu qanunsuz fəaliyyətlə məşğul olanlar az deyil. Xüsusilə sosial şəbəkələrdə özləri üçün “açıq bazar” quraraq narkotik vasitələri təbliğ edənlər çoxdur. Onlar əsasən sosial şəbəkə istifadəçisi olan gənc kəsimə xitab edir, bəzən açıq, bəzən isə gizli təbliğatla məşğul olurlar. Daxili İşlər Nazirliyi dəfələrlə sosial şəbəkələrdə narkotikin istifadəsi, təbliği, satışı ilə məşğul olan ayrı-ayrı şəxslər və mütəşəkkil dəstələri ifşa edib.
Son zamanlar isə “Instagram” sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən daha bir istifadəçi peyda olub. “Çinara.085” hesabından paylaşımlar edən və özünü Çinarə Əlizadə kimi təqdim edən gənc xanım video yayaraq narkotik vasitələri istifadə və təbliğ edir. Nəzərə alsaq ki, bu sosial şəbəkə gənclər arasında daha məşhurdur və oradakı təbliğatın daha çox şəxsi əhatə etməsi mümkündür, o zaman narkotik vasitənin belə açıq təbliğində hansı məqsədlər güdüldüyü aydın olar.
Ümid edirik ki, Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə narkotik vasitələrin təbliğinə qarşı apardığı mübarizə burada da özünü göstərəcək.
İnsanları “ağ ölüm”ün ağuşuna itələyənlərə qarşı qanunun sərt üzünün bir daha şahidi olacağıq.