2 saylı Psixiatrik Kliniki Xəstəxanada tibbi personaldan rüşvət tələb edilir. Bu barədə xəstəxanadan redaksiyamıza daxil olan məlumatda bildirilir. Məlumatı təqdim edən mənbə hətta xəstəxanadakı açıq-aydın rüşvət tələbinin səs yazısını da təqdim edib.
Səs yazısı xəstəxananın baş tibb bacısı İlahə Əliyevaya məxsusdur. Baş tibb bacısı şöbə müdiri Aynur Şəkiliyevaya verilməli olan vəsaiti toplaya bilməməkdan şikayətlənir və şöbə əməkdaşlarını təhdid edir:
“Mən sizə 30 manat məsələsini demişdim, onu niyə yığmağa hazırlaşdığımı da demişdim. Kim veribsə, özüm də üstünə qoyacağam. Mən deməməliyəm, siz özünüz gətirib verməlisiniz ki, bir şöbə müdirimiz var, ona bunu etməliyik. Bundan sonra söz verirəm ki, kimsə mənə şöbə müdirindən icazə almaq, ya başqa nə üçünsə yaxınlaşmasın. Kimin nə icazəsi var, nə isi var, özü gedib edər, görək necə edəcəksiniz. Siyahını da qoyacağam qarşısna, həkim özü bilsin ki, kim ona hörmət qoyur, kim yox. Kim dağıdır bu şöbəni, başım çıxmır?”
Səs yazısının bundan sonrakı hissəsi daha da maraqlıdır. Əməkdaşlardan pul tələb edən baş tibb bacısı vicdandan danışır: “İnsanda vicdan hiss oyanmalıdır. O hiss oyanmırsa həyatı boş-boşuna yaşayıb. Ya 1-ci gün hamı gətirib mənə versin, ya da… Mənə maraqlı deyil, kim məzuniyyətdədir, kim haradadır… 1-ci gün kim qalacaqsa, siyahını verəcəyəm”.
Səs yazısından da məlum olur ki, vəsait şöbə müdiri Aynur Şəkiliyeva üçün yığılır və onu verməkdən imtina edənlər hədələnir.
Xəstəxanadakı bu rüşvət qalmaqalından baş həkim İlqar Əfəndiyevin xəbərsiz olması inandırıcı görünmür. Çünki əməkdaşlar şöbədəki bu “fəaliyyətdən” narazıdır və hətta kütləvi olaraq ərizə yazıb, məsələni baş həkimə çatdırmağı düşünürlər. Redaksiyamıza xəstəxana əməkdaşlarının baş həkimə ünvanladığı şikayət ərizəsi də təqdim olunub.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.