Artıq bir müddətdir ki, Azərbaycanda toyların keçirilməsinə icazə verilib. Lakin müşahidəmiz onu göstərir ki, toylar yenə də dəbdəbəli, israfçı şəkildə keçirilir.
Qeyd edək ki, mətbuatda, mediada mütəmadi olaraq dəbdəbəli toylar, onun yaratdığı fəsadlar haqqında çoxlu sayda müzakirələr, fikir mübadiləsi aparılıb, tövsiyələr verilib. Lakin yenə də bu məsələ öz həllini tapmamış qalır. Bəzi mütəxəssislər təbliğatla deyil, inzibati yolla bu məsələnin həll olunmasına çağırışlar edirlər. Hansı ki, Tacikistanda, Özbəkistanda inzibati qaydada dəbdəbəli toyların keçirilməsi qadağan olunub. Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Rüfət Quliyev Demokrat.az-a açıqlamasında bildirib ki, toy mərasimlərində 25 cür salatın, 15 cür isti yeməklərin verilməsi ifrat dərəcəsində anormallıqdır. Deputatın sözlərinə görə, bu daha çox toyu keçirən adama maliyyə cəhətdən zülm olur: “Pandemiya allah tərəfindən bəlkə də göndərilən çağırış idi ki, bu cür israfçılığı tam qurtarmaq lazımdır. Bu israfçılığa tək toylarda deyil, hətta yas mərasimlərində də rast gəlinir. Yas yerində bir dəfə tənbəllik etməyib oturub, hesabladım. Düz 14 cür konfet qoyulmuşdu. Mən düşünürəm ki, bunların hamısı israfçılıqdır. Bilirsiniz ki, Naxçıvan MR-də dəbdəbəli toyların keçirilməsi ilə bağlı məsələ qismən də olsa tənzimlənib.Həmçinin, yaslar bağlı da müəyyən məhdudiyyətlər var”.
Millət vəkili qeyd edib ki, bu istiqamətdə dövlət tərəfindən administrativ qaydada tədbirlər görülməlidir: “Bir məsələni də etiraf edək ki, son ildə toylarda artıq ifrat dərəcəsində yeməklər, içməklər verilmir. Yas mərasimlərində də çoxu yığışdırılıb. Amma administrativ qaydada tədbir görmək lazımdır. Hesab edirəm ki, bu istiqamətdə təbliğat və təşviqat aparılmalıdır ki, cəmiyyətdə dəyişiliklər olsun. Sonda qeyd etmək istəyirəm ki, biz toyda gənclərin şənliyini bölüşməyə, onlara xeyir dua verməyə gedirik. Yas mərasiminə isə başsağlığına, dərd-qəmini bölüşməyə gedirik. Ona görə də dünyada gedən son prosesləri də nəzərə alaraq, dəbdəbəyə, israfçılığa yol verməməliyik. Bu, mənim vətəndaş pozisiyamdır”.