Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev tərəfindən Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni təqdim olunub.
BakuXeber.Az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev çıxış edərək deyib:
-Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Heydər oğlu.
Bu gün mən Sizin ölkənizə böyük məmnuniyyətlə rəsmi səfər edirəm. Biz məhdud tərkibdə çox səmərəli görüş keçirdik. Mənim səfərimin proqramına Sizin Qazaxıstan Respublikasının “Altın Kıran” ali ordeni ilə təltif edilməyiniz mərasimi də daxildir. Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz. Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu gün Sizə “Altın Kıran” ordenini təqdim etmək istərdim.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin möhkəmlənməsinə və inkişafına xüsusi töhfəsinə görə “Altın Kıran” ordeni ilə təltif edilməsi haqqında Qazaxıstan Prezidentinin Fərmanı oxunub.