Paytaxtın əksər ərazilərində qanunsuz küçə ticarəti baş alıb gedir. Küçə ticarəti qadağan edilsə də, onunla məşğul olanlar hələ də var. Məhəllələrdə, metrostansiyaların çıxışında balıq, meyvə-tərəvəz, kənd məhsulları satan səyyar satıcıların sayı heç də az deyil
Ticarətin getdiyi ərazilərdə hərəkətin məhdudlaşdırılması, rahat gediş-gəliş üçün manelərin yaradılması, məişət tullantılarının ətrafa səpələnməsi, üstəlik ərazinin üfunətə bürünməsi ciddi problemlərdəndir.
Xüsusilə “Əhmədli”, “Koroğlu”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, “Neftçilər”, “20 yanvar”, “28 may” metrostansiyalarının yaxınlığında və daxili qəsəbələrdə belə hallara rast gəlinir.
Bakıətrafı qəsəbəblərdəki vəziyyət isə olduqca acınacaqlıdır. Əsl dərəbəylik məhz mərkəzdən kənarda hökm sürür.
Redaksiyamıza qanunsuz küçə ticarəti ilə bağlı Suraxanı rayonu Hövsan qəsəbə sakinlərindən şikayət və görüntülər təqdim olunub. Sakinlər deyir ki, qəsəbə daxilində rahat hərəkət edə bilmirlər. Sıxlıq bir yana, ticarələ məşğul olanların bir-birlərinə qeyri-etik davranışları, söyüş və kobud ifadələrdən istifadə etmələri onların əsəblərini tarıma çəkib.
Maraqlısı odur ki, küçə ticarətinin yığışdırılmasına məsul olan qurumlar, xüsusən də polislər bu vəziyyətə göz yumur.
Sakinlərin bildirdiyinə görə dəfələrlə bərbad mənzərənin aradan qaldırılması ilə bağlı yerli polis şöbəsinə müraciət ediblər. Amma vəziyyət dəyişmir.
Xatırladaq ki, Azərbaycanda qanunsuz küçə ticarəti rəsmən 2014-cü ilin yanvarından ləğv edilib. Bakı Şəhər Ticarət və Xidmət Departamenti o vaxt açıqlama vermişdi ki, bu qərar paytaxtın abadlaşmasına, gözəlləşməsinə, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsinə səbəb olacaq.
2016-cı ildən isə qanunsuz küçə ticarəti ilə məşğul olanların inzibati məsuliyyətə cəlb olunmasına başlanıb.
İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinə əsasən, qanunsuz küçə ticarətinə, yəni icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat məbləğində cərimə təyin olunub.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq