Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
İctimai Şuranın sədri Anar Xəlilov Dövlət Komitəsi ilə səmərəli qarşılıqlı fəaliyyətin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri keçmiş məcburi köçkünlərdə dərin razılıq hissi doğurur. Dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuş bu kateqoriyadan olan həmvətənlərimiz öz doğma yurdlarına qayıdışın da uğurla həyata keçiriləcəyinə əmindirlər.
Böyük Qayıdışın başlandığı məmnuniyyətlə qeyd edilərək, Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ilkin mərhələlərində əldə olunmuş təcrübənin digər məcburi köçkün icmalarının da qayıdış prosesinə hazırlanmasında böyük fayda verəcəyi vurğulanıb. Dövlət Komitəsinin bu sahədə apardığı maarifləndirmə, məlumatlandırma işlərində Şura üzvlərinin fəal iştirakının vacibliyi diqqətə çatdırılıb və bu istiqamətdə fəaliyyətin genişləndirilməsi ilə bağlı fikirlər, təkliflər səsləndirilib.
İctimai Şura ilə Dövlət Komitəsi arasında operativ əlaqənin təmin olunmasının əhəmiyyəti qeyd edilib və bu təcrübənin məcburi köçkünləri narahat edən məsələlərin həllində müsbət rol oynadığı bildirilib.
İclasda iştirak edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev səmərəli fəaliyyət göstərdiklərinə görə şura üzvlərinə təşəkkür edib, onların rəy və təkliflərinin daim dəyərli olduğunu, məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində ictimai iştirakçılığın mühüm əhəmiyyətini vurğulayıb.
İclasda məcburi köçkünlərin doğma yurda qayıdışa hazırlanmasının indi ən vacib məsələ olduğu qeyd olunub, bu və digər aktual məsələlərlə əlaqədar ətraflı fikir mübadiləsi aparılıb, fəaliyyət istiqamətləri müəyyənləşdirilib.