Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
FHN-in Akademiyasında baş tutan təlimin açılış mərasimində çıxış edən bu təhsil ocağının rəisi general-mayor Baba Salayev tədbir iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra UMKE heyətinin üzvü, Türkiyənin Səhiyyə Nazirliyinin Fövqəladə hallar idarəsinin rəisi Şükrü Yorulmaz tədbir iştirakçılarına təlim haqqında ətraflı məlumat verib.
Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri, FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev və FHN-in Tibb Mərkəzinin rəisi polkovnik Xanım Sofiyeva təlimin təşkilinə görə minnətdarlıqlarını bildirərək iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, bu təlim Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə mühüm töhfə verəcək.
Açılış mərasimindən sonra təlimə start verilib. Təlim nəzəri və praktiki hissələrdən ibarət olub. FHN-in Akademiyasında keçirilən təlimin nəzəri hissəsində türkiyəli mütəxəssislər məşğələlər formasında bilik və bacarıqlarını azərbaycanlı həmkarları ilə bölüşüblər.
FHN-in Mülki müdafiə qoşunlarının təlim poliqonunda keçirilən təlimin praktiki hissəsində tibb heyətinə dağıntı və sair fövqəladə hallar zamanı zərərçəkmişlərə ilkin tibbi müdaxilə və yaradılmış səhra xəstəxanalarında əməliyyat barədə praktiki biliklər verilib.
Təlimin bağlanış mərasimində iştirakçı tibbi heyət müvafiq sertifikatlarla mükafatlandırılıb.