Bu ilin ikinci rübündə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə, həmçinin Şuşa şəhərinə 1400-dən artıq ailənin qayıdışı baş tutacaq.
Qayıdışın tez bir zamanda reallaşması üçün işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri gedir.
Aparılan sorğular nəticəsində məlum olub ki, məcburi köçkünlərin mütləq əksəriyyəti öz doğma yurdlarına qayıtmaq istəyir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən BAKU.WS-ə bildirilib ki, məcburi köçkünlərin fərdi məlumatları, məşğulluq imkanları öyrənilir, əldə edilmiş məlumatlar Dövlət Komitəsinin vahid elektron-məlumat bazasına daxil edilir:
“Ermənistanın işğal dövründə qeyri-qanuni məskunlaşdırma apardığı Laçın şəhəri, Zabux və Sus kəndləri boşadıldıqdan sonra, dövlətimizin başçısının tapşırığına əsasən, keçmiş məcburi köçkünlərin həmin yaşayış məntəqələrinə qayıdışa hazırlanması Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında mühüm vəzifə kimi qoyulub. Bu vəzifələrin icrası üzrə işlər Dövlət Komitəsinin gündəlik fəaliyyətinin mühüm tərkib hissəsidir.
Tapşırığın icrası ilə əlaqədar olaraq, Dövlət Komitəsi respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinləri arasında sorğu keçirib, doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlər görür, əhali arasında məlumatlandırma, təbliğat işləri aparır, köçürülmənin texniki-təşkilati məsələləri ilə məşğul olur.
Laçın şəhər, Zabux və Sus kənd sakinlərinin doğma yurda qayıdışı ilə bağlı komitə əməkdaşları tərəfindən keçirilən sorğu başa çatıb, kənd sakinlərinin böyük əksəriyyəti qayıtmaq niyyətində olduqlarını bildiriblər.
2023-cü ildə Laçın rayonun ilk sakinlərinin qayıdışı təmin ediləcək. Laçın şəhərinə 500 ailə, Zabux kəndinə 223, Sus kəndinə 73 ailənin qayıdışı həyata keçiriləcək. Bundan əlavə 450 ailə Şuşaya, 113 ailə isə Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək. Köçürülmə mərhələli şəkildə icra ediləcək”.
Məlumat üçün bildirək ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaq istəyən vətəndaşlar bunun üçün ərizə ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməli və hansı rayonda yaşamaq istədiyini bildirməlidir. Məcburi köçkünlərlə yanaşı digər şəxslər də Qarabağda yaşamaq üçün ərizə verə bilərlər. Bərpa və qurucluuq işləri tamamlandıqdan sonra mərhələli şəkildə insanların həmin ərazilərə yerləşdirilməsi baş tutacaq. Müraciətlərə baxılarkən ilkin olaraq məcburi köçkünlərin məskunlaşması baş tuacaq. İşğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq şəxslərə müavinətin verilməsi, məşğulluq probleminin həlli istiqamətində müəyyən güzəştlərin edilməsi də nəzərdə tutulub.