Yaxın zamanda Bakıda və ətraf ərazilərdə fərdi evlər bahalaşacaq.
“Bakuxeber.az“ xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında daşınmaz üzrə ekspert Elnur Fərzəliyev deyib.
O əlavə edib ki, Türkiyədə baş verən zəlzələ əksər ölkələrdəki, o cümlədən Azərbaycandakı insanlarda bir fobiya yaradıb:
“Bu da təbii ki, mənzil bazarına öz təsirini göstərir. İnsanlarda yaranan son narahatçılıq bazar qiymətlərinə öz təsirini göstərir. Bu da təbii ki, gözləniləndir. Yaxın zamanlarda fərdi evlərin bahaşacağı, hündürmərtəbəli binalarda isə qiymətlərin bir qədər aşağı düşəcəyini ehtimal edirik. Bundan əlavə paytaxt ətrafındakı fərdi həyətyanı torpaqların da qiyməti bahalaşacaq”.
Ekspert onu da bildirib ki, ən son araşdırmalarımıza görə Bakıda çoxmərtəbəli binalarda mənzillərin bir kvadratmetrinin qiyməti min manatdan beş min manat arasında dəyişir:
“Bunun müqabilində paytaxtdakı həyət evlərində mənzilin bir kvadratmetrinin qiyməti xeyli ucuzdur. Hazırda Bakının mərkəzindəki hündürmərtəbəli binalardakı mənzillərin qiyməti ətraf ərazilərdəki binalardakı qiymətlərdən xeyli bahadır.
Bu da ondan irəli gəlir ki, şəhərin mərkəzində torpağın qiyməti ağılasığmaz dərəcədə bahadır. Ona görə də şəhərin mərkəzindəki hündürmərtəbəli binalar kifayət qədər bahadır. Lakin, Türkiyədəki zəlzələ mənzil bazarına öz təsirini göstərəcək”.
Elnur Fərzəliyev təşvişə əsas görmədiyini də bildirdi:
“İlkin rəylərə görə qardaş ölkədə zəlzələnin bu qədər dağıdıcı olmasının əsas səbəbi hündürmərtəbəli binaların aşağı keyfiyyətdə və standartlardan kənar tikilməsidir. Ədalət naminə demək lazımdır ki, bizdə yeni inşa edilən hündürmərtəbəli binalarda istismar zamanı müəyyən problemlər ortaya çıxsa da keyfiyyəti Türkiyədə gördüyümüz binalardan qat-qat keyfiyyətlidir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda inşa edilən binalar 8-9 ballıq zəlzələyə tam davamlıdır”.