X Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin tezisləri beynəlxalq nizamdakı risklərin Cənubi Qafqaz oxuna təsir dərəcələrini ölçən barometrlərdir.
Forumun mövzusu özü bir çox mətləblərdən xəbər verir. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusu keçmişlə gələcək arasında paralellər aparmaq fürsətləri verir.
Öncəliklə ondan başlayaq ki, Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın dahi şairi Nizami Gəncəvi haqqında da qısa məlumatlar təqdim etdi.
Keçmişə vurğu cari situasiyada Nizami Gəncəvi adını Azərbaycana qarşı ərazi iddiaları səviyyəsinə yüksəldən İran dairələrinə ismarış idi.
Əliyev incə diplomatik gedişlə, İranın adını çəkmədən Gəncəvinin qədim Azərbaycan şairi olduğunu, onun Gəncədə doğulub, orada yaşadığını və dəfn edildiyini bildirdi.
Beynəlxalq aləmdən olan iştirakçılar qarşısında İranın qapısına vurulan qol Azərbaycanın müstəqilliyini həzm edə bilməyən Tehrana qarşı cəbhənin simvolik həmrəyliyi üçün yaxşı platformadır.
İran demişkən, Tehranın bərk-bərk sarılıb, öpüb-qucaqladığı Ermənistanın Azərbaycanla münasibətlər sisteminə baxışında köklü dəyişiklik olmadığı da tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
İlham Əliyevin “Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik” deməsi həm Qarabağ münaqişəsi dövrünün əlamətlərini, həm də postmünaqişə epoxasının hazırkı durumunu, həm də gələcək hadisələrin anonsunu özündə ehtiva edir.
Yəni Ermənistan, əvvəllər olduğu kimi, bu dəfə də Azərbaycanın maksimal şərtləri ilə razılaşmasa, perspektivdə o, daha ağır cəzalara düçar olacaq.
Azərbaycan özünün şərtləri əsasında sülh və təhlükəsizlik arxitekturası qurmaqda israrlıdır ki, bu da ərazi bütövlüyünün mütləq təmini ilə nəticələnməlidir.
Əliyev Azərbaycanla Ermənistan arasındakı mübahisələrə son qoymaq üçün və ya bu adla ortaya çıxıb başqa məqsədlərə xidmət edən beynəlxalq vasitəçilərə xəbərdarlıq etdi ki, onlar İrəvanı dilə tutmağı bacarmalıdırlar.
Əliyevin fikrinin leytmotivi “Ermənistan üçün son şans” xarakterində idi.
SİTAT: “Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə tutacaqlar. Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər. Beləliklə, onlar bizə qarşı təcavüz səbəbindən, həqiqətən, müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar”.
Azərbaycan Ermənistanın sülh tezisləri ilə o zaman razı olacaq ki, İrəvanın mövqeyi Bakının maksimal tələblərinə söykənsin.
Bu olmadıqca mübahisələr uzana, Ermənistan yaranan zaman kəsiyindən silahlanma üçün istifadə edə və Cənubi Qafqazdakı poliqon oyunlarının çoxalmasına şərait yaradıla bilər.
Azərbaycan növbəti dəfə hədələrlə, işğalla üzləşməməsi üçün strateji müttəfiqi Türkiyə ilə birlikdə koordinasiya qurur, bunu Rusiya və Qərblə də uzlaşdırır.
Bu uzlaşdırmaq tərəfdaşlıq prinsiplərinə əsaslanır və o demək deyil ki, Bakı arta biləcək təzyiqlər, İrəvana xal verəcək addımlar qarşısında aciz davranacaq.
Onsuz da indi üçün naməlum, lakin gələcəyə hədəflənən lazımi tarixdə Azərbaycan Ermənistana hərbi cavablar vermək məzmununu asanlıqla təsvir edir.
Azərbaycan Ermənistana qarşı mümkün əməliyyatlarda (söhbət təkcə hərbi əməliyyatlardan getmir) elə nəticələr hədəfləyir ki, başqa oyunçular bu nəticələri qəbul etmək məcburiyyətində qalsınlar…