Naxçıvan DYPİ-də avtomobillərin qeydiyyatı üçün alınan rüşvət dörd dəfə bahalanıb. Bundan əvvəl sakinlər Bakıdan alıb gətirdikləri, mühərriki 2.000 kub santimetrədək olan avtomobillərə 300 manat ödəyirdilər. Bu məbləğin 170 manatı dövlət rüsumu,130 manatı isə rüşvət şəklində alınırdı. Hazırda isə, bu cür avtomobillərin qeydiyyatı üçün ümumilikdə 850 manat tələb olunur. Yəni, rüşvətin həcmi 170 manatdan 680-ə qaldırılıb. Bu haqda “Gündəlik Naxçıvn”a yerlin sakinlər məlumat verib. Onlar deyir ki, rüşvətin qiyməti Mais Məmmədov idarəyə yeni rəis təyin olunandan sonra qalxıb. O, aprelin əvvələrində bu vəzifəyə qoyulub.
Şərur rayon sakini Zaur Həziyev deyir ki, yeni aldığı avtomobilini qeydiyyata saldırmaq üçün tələb olunan məbləği eşidəndə, qulaqlarına inanmayıb:
“Hələ, ötən ilin avqust ayında mühərriki 1800 kub santimetr olan avtomobilin qeydiyyatı ünüç cəmi 300 manat ödəmişdim. Bu günlərdə həmin avtomobili satıb, mühərriki eyni həcmdə olan başqa avtomobil aldım. Bu dəfə isə məndən 850 manat istədilər. Etiraz edib, bildirdim ki, dövlət rüsumunun qiymətlərində artım olmayıb. Get-gələ saldılar, məndən lazım olmayan sənədlər tələb etdilər. Axırda cəmi 50 manat aşağı sala bildim və 800 manat verib avtomobili qeydiyyata saldırdım”.
Sakinlər deyir ki, hər gün DYP-də yüzlərlə vətəndaş avtomobilini qeydiyyata saldırır və onların hər birindən bu minvalla 550-600 manat rüşvət alınır. Bu günlərdə Bakıdan avtomobil alıb gətirən Rüfət Səfərov da eyni problemlə üzləşdiyini bildirir. O deyir ki, bu avtomobilin qeydiyyata alınması, sənədləşdirilməsi üçün qanuni dövlət rüsumu 300 manat etsə də, ondan 850 manat pul alınınıb:
“Avtomobili almamışdan qanuni rüsumu hesablatmışdım. Mühərrikin həcminə görə rüsum 270 manat etməli idi. Ancaq, Naxçıvan DYPİ-də məndən 800 manat alıb, avtomobilimi qeydiyyata götürdülər. Dedilər ki, bizlik deyil,
yuxarılar nə deyirsə onu da edirik, pullar bizə qalmır, yuxarıya veririk”.
Naxçıvan MR DYPİ-dən şikayətçilərin iddialarına cavab vermək istəmədilər. Qarşı tərəfin mövqeyini hər zaman işıqlandırmağa hazırıq.