Hörmətli Mehriban xanım!
Sizi ad gününüz münasibətilə BakuXeber.Az Media Group adından səmimi-qəlbdən təbrik edirəm.
Hörmətli Mehriban xanım!
Sizin təşəbbüsünüzlə həyata keçirilən çoxsaylı layihələr nadirliyi ilə seçilərək, milli-mənəvi ideallara, humanist dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.
Humanizm, işgüzarlıq, qayğıkeşlik kimi ali keyfiyyətlər üzərində qurulan ictimai-siyasi fəaliyyətiniz Sizin nümunəvi vətənpərvərliyinizin ən bariz sübutudur.
Rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Ölkənin yaradıcı və elmi potensialının artırılması, uşaq müəssisələrində infrastrukturun inkişafı, ekologiya sahəsində mühüm tədqiqatların dəstəkləməsi, sağlam həyat tərzinin təbliği, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərin təşkili, dini tolerantlığın bərqərar olması, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verilməsi Sizin fəaliyyətinizdə prioritet məsələlərdəndir.
Sizin xeyriyyəçilik fəaliyyətiniz gələcək nəsillərə nəcib bir yolun əsas istiqamətlərini göstərməkdədir. Prezident İlham Əliyevin dövlətçilik ideallarını rəhbər tutaraq həyata keçirdiyniz genişmiqyaslı layihələr Sizi xalqın sevimlisinə çevirib.
Fəaliyyətinizdə ən mühüm məqamlardan biri də şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və məcburi köçkünlərlə göstərdiyiniz qayğıdır. Bu gün Siz xeyirxahlıq və mərhəmət nümunəsi olaraq valideyn himayəsindən məhrum uşaqların mənəvi anası, dərdli şəhid analarının, məcburi köçkünlərin dayağısınız.
Hörmətli Mehriban xanım!
Sizi bir daha ad gününüz münasibətilə təbrik edir, Sizə xalqımız üçün müstəsna əhəmiyyət kəsb edən fəaliyyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
BakuXeber.Az adından
Baş Redaktor Zamiq Quliyev