Dünya ölkələrində sağlamlıq, təhsil, sosial vəziyyət kimi müxtəlif səbəblər hərbi xidmətə mane olan şərtlər arasındadır. Belə halda hərbi xidməti təxirə salmaq və ya azad etmək mümkündür. Hərbi xidmətin təxirə salınmasında yaxud azad edilməsində şəxslərin ailə vəziyyətləri də rol oynaya bilər. Bu kateqoriyaya tək oğlan övladı olan ailələr də daxildir. Dünya təcrübəsində belə bir qayda var ki, ailəsində tək oğlan övladı olan və ailə üzvünə qulluq etmək vəzifəsi daşıyan kişilər hərbi xidmətdən azad edilə bilər. Bəs Azərbaycanda ailənin tək oğlu hərbi xidmətdən azad edilə bilərmi?
Bununla bağlı, hərbi ekspert Elxan Şıxəliyev Sonxeber.az-a bildirib ki, ailənin tək övladlarının əsgərliyə hərbi xidmətə cəlb olunmaması yaxud onların ödəniş qarşılığında hərbi xidmətdən azad edilməsi qanunvericilikdə öz əksini tapmalıdır:
“Azərbaycan Silahlı Qüvvələrində xidmət keçmək “Hərbi xidmət keçmək” haqqında əsasnamədə öz əksini tapıb. Ailənin tək övladlarının hərbi xidmətə cəlb olunmaması yaxud onların ödəniş qarşılığında hərbi xidmətdən azad edilməsi qanunvericilikdə öz əksini tapmalıdır. Bu gün üçün bizim qanunvericilikdə öz əksini tapmadığı üçün bu qayda da Azərbaycanda həyata keçirilmir. Digər bir məsələ bu qayda üzrə dəyişiklik həyata keçirilə bilərmi sualıdır. Bəli. Dəyişiklik həyata keçirilə bilər. Həqiqətən bizim səfərbərlik ehtiyatlarımız, resurslarımızın mövcudluğu, hesabatda, statistikada belə bir qanunun qəbul edilməsi üzərində ehtiyac olarsa, qanunvericilikdə təklif götürülməlidir”.
Ekspertin sözlərinə görə, daha sonra Milli Məclis belə bir qanun qəbul edib, ” Hərbi xidmət keçmək haqqında” əsasnaməyə dəyişiklik edilməlidir:
“Bunun ümumi praktikası var. Digər ölkələrdə ödənişli təcrübəçi hərbi xidmət qanunları üzərindən silahlı qüvvələrdə xidmət keçmənin müddətinin azaldılması, 1-6 aylıq ödənişə əsasən təyin edən ölkələr var. Bu gün bizdə nə qədər real olması güc strukturlarındakı tələbatların, hesabatlarında təsdiqlər götürüləndən sonra həyata keçirilə bilər. Ona görə də, digər ölkələrdə praktika varsa, bizim ölkədə tətbiq olunması məsələsi müzakirə mövzusu ola bilər”.