Baş DYP İdarəsinin Müayinə Mərkəzi yeni avadanlıqlar alıb.
Bu barədə “Qafqazinfo”ya açıqlamasında qurumun müfəttişi polis mayoru Kamal Əhmədli məlumat verib. O bildirib ki, mərkəzdə nəzarət ölçü cihazları tamamilə təzələnib:
“Nəqliyyat vasitələrinin texniki müayinə zamanı yoxlanılması prosesi üçün yeni avadanlıqlar almışıq. Yeni avadanlıq texniki baxış zamanı sürücüləri ən çox narahat edən məsələni – avtomobilin faralarının düzgün ölçülməsini yoxlayır. Sürücülər tez-tez faralarla bağlı onlara təqdim edilən nasazlıq haqqında məlumatlarla razılaşmırlar. Amma bu cihazın təqdim etdiyi nəticələr artıq bütün narazılıqlara son qoyacaq. Əsas məsələlərdən biri də hüquqi şəxslərə məxsus olan nəqliyyat vasitəsini idarə edən sürücülərin texniki baxışa gələn zaman proseslərin daha da sürətləndirilməsi üçün tətbiq edilən yenilikdir. Əvvəl, əgər nəqliyyat vasitəsinin üzərində ödənilməmiş cərimə var idisə, onu müəyyən etmək lazım idi. Avtomobili kimin idarə etdiyini müəyyənləşdirmək üçün sənədlər toplanılırdı. Çünki əvvəl bu, bizim səlahiyyətimizdə deyildi. Artıq bu səlahiyyətlər bizə verildi. Belə ki, artıq avtomobil texniki baxışa gələn zaman üzərində tətbiq edilən cərimə qərarsızdırsa, sürücü aidiyyəti sənədləri təqdim etdikdən sonra biz cəriməni qərarlı olaraq təsdiq edirik. Sürücü isə bu cəriməni Mərkəzdə olan terminallar vasitəsilə rahat şəkildə ödəyə bilir. Bu, yalnız hüquqi şəxslərə məxsus nəqliyyat vasitələrini idarə edən sürücülərə aiddir. Çünki fiziki şəxslərə yazılan cərimələr dərhal qərarlı olaraq sistemə keçirilir”.
Avtomobikli texniki baxışa gətirən sürücülər nəqliyyat vasitəsində aşağıdakı texniki göstəricilərə xüsusi diqqət yetirməlidirlər:
1. Dəm qazı
2. Şinlərin protektoru
3. Avtomobilin konstruksiyasında nəzərdə tutulubsa, brızqoviklər
4. Çatsız şüşələr
5 İşıqların saz vəziyyətdə olması
6. Təhlükəsizlik kəməri 7. İşlək əyləc sistemi
8. Yağ və ya yanacaq sızmasının olmaması.
Avtomobildə yanğınsöndürən, qəza-durma nişanı və tibb çantasının olması vacibdir. Qeyd edək ki, artıq bir neçə ildir ki, paytaxtda müəyyən olunmuş vaxtlarda hərəkəti məhdudlaşdırılan yük avtomobillərinin, eləcə də günün müəyyən vaxtlarında sərnişinlərə xidmət göstərən avtobusların xidmətdən sonra texniki baxışdan keçə bilmələri üçün texniki müayinə mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilir. Nəzərinizə çatdıraq ki, mərkəz bayram günlərində də vətəndaşlara xidmət göstərməyə davam edir”.