
Azərbaycanın azadlıq mübarizəsində bəzən qəhrəmanlıq yalnız döyüş meydanında deyil, həm də prinsiplərdə özünü göstərir. Birinci Qarabağ müharibəsinin tanınmış döyüşçüsü, ehtiyatda olan polis polkovnik-leytenantı, Horadiz Fatehi Asif Məmmədov da bu qəhrəmanlardan biridir.
Avropa.info-nun əldə etdiyi məlumata görə 1954-cü il dekabrın 10-da Füzuli rayonunun Kürdmahmudlu kəndində ziyalı ailəsində doğulan Asif Məmmədov bütün ömrünü Vətənə xidmətə həsr edib. Qarabağ savaşının ən çətin illərində Füzuli Rayon Polis Şöbəsinin post-patrul xidməti bölüyünün komandiri, daha sonra İctimai Təhlükəsizlik Bölməsinin rəisi, 1995-ci ildən isə şəxsi heyət üzrə rəis müavini vəzifəsində çalışıb.
O, Horadiz şəhərinin və 23 kəndin işğaldan azad olunmasında böyük şücaət göstərmiş, Azərbaycanın Milli Qəhrəmanları Pəhlivan Fərzəliyev və Nazim Quliyevin komandiri olmuşdur. Onun rəhbərliyi altında döyüşən qüvvələr böyük itkilər bahasına torpaqlarımızı qoruyub saxladı. Döyüş meydanında bütün yaralı polis əməkdaşlarını və şəhid olan silahdaşlarını öz əlləri ilə çıxarmışdır.
Amma Asif Məmmədovun adını fərqləndirən təkcə döyüş meydanındakı igidliyi deyil. Qarabağın hələ tam azad olunmadığını əsas gətirərək, ona təqdim edilən “Azərbaycanın Milli Qəhrəmanı” adından imtina etdi. Bu addım həm döyüş yoldaşları, həm də ictimaiyyət tərəfindən “saf vicdanın və prinsipial mövqenin nümunəsi” kimi qiymətləndirildi.
Horadiz Fatehi, tanınmış döyüşçü, ehtiyyatda olmuş polis polkovnik-leytenantı mərhum Asif Məmmədovun həyat yolu bizə bir həqiqəti xatırladır:
Qəhrəmanlıq bəzən ən yüksək titullardan imtina edib, haqq uğrunda sonadək dayanmaqdır.
ALLAH RƏHMƏT ELƏSİN