İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin qərarı ilə 1 iyun 2022-ci il tarixindən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunacaq.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bununla da həkimlərə ödəniləcək əməkhaqqının məbləği vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra vəzifə (tarif) maaşı və sabit həvəsləndirici əlavələrlə birlikdə minimum 1000 manat təşkil edəcək.
Artım həkim-stomatoloqlar istisna olmaqla, həm ambulator, həm də stasionar şəraitdə xidmət göstərən bütün ixtisaslı həkimlərə şamil olunur. Bununla bağlı müvafiq dəyişiklik “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda öz əksini tapıb. Səhiyyə işçilərinin əməkhaqlarının artımı ilə bağlı budəfəki dəyişiklikdən təxminən 19 minə yaxın səhiyyə işçisi faydalanacaq.
Məsələn, həkim-kardioloqun 12-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Həkim-kardioloqun vəzifə (tarif) maaşına 800 manat sabit əlavə tətbiq edilir. Bundan başqa, həkim-kardioloqa ambulator və stasionar fəaliyyət üzrə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr ödənilir. 468+800=1268 manat + işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr.
Dəyişikliyə əsasən, səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimlərinə (həkim-stomatoloq istisna olmaqla) və ailə həkimi ixtisasları üzrə çalışan həkimlərə verilən aylıq həvəsləndirici əlavələrin məbləği də artıb