Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar müvafiq qanunvericiliyə uyğun zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Nazirlikdən verilən məlumata görə, aprel ayından etibarən sahilboyu ərazilərdə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib.
Monitorinqlər zamanı çimərlik üçün təhlükəsizlik baxımından istifadəyə yararsız və təhlükəli ərazilər müəyyən edilib.
Monitorinqlərin nəticəsi olaraq, yerli icra hakimiyyətlərində müvafiq qurumların nümayəndələrinin iştirakı ilə monitorinq zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması məsələlərinə həsr olunan işçi müşavirələr keçirilib, aşkar olunmuş nöqsan və çatışmazlıqların həlli üçün müvafiq tapşırıqlar verilib.
Bununla yanaşı, xidmətin nəzarət etdiyi çimərliklərdə, o cümlədən İDEA ictimai birliyinin təşəbbüsü ilə Bakı şəhərinin Qaradağ, Səbail, Xəzər, Sabunçu və Binəqədi rayonlarında yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılıb və sahil zolağı mövcud yad cisimlərdən (daş, qaya parçaları və s.) təmizlənib.
Xidmətin balansında olan xilasetmə texnika və vasitələri, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadə olunan avadanlıqların texniki vəziyyəti bir daha nəzərdən keçirilib.
Hazırda Xidmətin nəzarət etdiyi çimərliklərdə üzmə sərhədlərini müəyyən edən nişanların və ərazidə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi üçün xüsusi lövhələrin yerləşdirilməsi işləri davam etdirilir.
Qeyd edilib ki, iyunun 15-dən etibarən Xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.