İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.a-za verilən məlumata görə, iyunun 7-də saat 22:15-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsdə cəhd ediblər.
Dövlət sərhədinin pozulması ilə bağlı keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılaraq üzərində olan 1 ədəd bağlamada təxmini çəkisi 5880 qram narkotik vasitə “marixuana”ya bənzər maddə aşkar olunaraq götürülüb. Digər sərhəd pozucusu hava şəraitinin qaranlıq və ərazinin sıx meşəlik, kolluq olmasından istifadə edərək geri İran ərazisinə qaçıb