Deputat: “RÜŞVƏTXORLUĞUN OLDUĞU DÖVLƏT ŞİKƏSTDİR.”“Rüşvətxorluq ağır cinayət növüdür, korrupsiyanın tərkib hissəsidir. Rüşvətxorluğun olduğu dövlət şikəstdir. Bu qanunsuzluqla bağlı müxtəlif zamanlarda fərmanlar verilib, proqramlar qəbul edilib, “Rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır” deyirik, bəs niyə düzəlmir? Sistem düzəlməlidir”.Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.T.Kərimli rüşvətxorluq və korrupsiya faktları ilə bağlı cinayət işlərinin başlanılmasını təklif edib: “Müstəqillik uğrunda mübarizə aparanda “Azərbaycan” qəzetinə müsahibə vermişdim, bildirmişdim ki, məqsədim Sovet rüşvət sistemini dağıtmaqdan ibarətdir. O zamanlar da məhkəmə sistemi rüşvətə bulaşmışdı. Müstəqillik əldə etdikdən sonra vəzifədə olduğum zamanlar deyənlər var idi ki, Sizə “hörmət edək”, məsələ həll edilsin. Mən də deyirdim, elə Sovetin rüşvət sistemində işləyirdik, bəs niyə dağıtdıq?!” Halal məhkəmə sistemi qurmaq istəyirdik ki, qanun şah olsun. Ali Məhkəmənin sədri olan zaman iş masamın üzərində Qurani-Kərim vardı. Hər dəfə deyirdim ki, Quran mənə görə qoyulmayıb, özümə arxayınam, bu, mənə rüşvət təklif edənlər üçündür. Ali Məhkəmənin keçmiş işçiləri iclasdakı çıxışımı yaxşı xatırlayarlar. Əlimi Qurana basıb and içmişdim ki, kimsə rüşvət alarsa, işinə şəxsən baxacağam, güllələnmə cəzası çıxaracağam. Deyirdim, çəkinin belə şeylərdən. Dövləti dağıdan korrupsiya və rüşvətxorluqdur. Amma maraqlı məqam ondan ibarətdir ki, Sovet dövründə rüşvət haqqında məlumatlar yayılan kimi dərhal tədbir görülürdü. Məsələn, hazırda təhsil sistemində-orta və ali məktəblərdə rüşvətxorluqla bağlı o qədər məlumatlar yayılıb ki, doğrusu, cinayət işinin başlanmamasını qınamıram. Bu qədər faktla bağlı neçə cinayət işi açıla bilər ki… Amma bunu etmək vacibdir. Rüşvətə bulaşmayan kadrları önə çəkmək, rüşvət alanları cəzalandırmaq lazımdır. Məhkəmələri icra orqanlarının nəzarətindən çıxarmalıyıq. Rüşvət ədalətsizliyin mənbəyidir. Rüşvət olan yerdə ədalət ola bilməz, çəkişmə, nifrət olar. Narahatam. Vətənimdə ədalətin bərqərar olmasını istəyirəm. Təcili məhkəmə-hüquq və iqtisadi islahatlar həyata keçirmək lazımdır. Malayziyaya, Honkonqa, Sinqapura diqqət edək. Sinqapurun baş naziri rüşvət aldığına görə ən yaxın qohumunu edam etdirib. O ölkə hazırda Orta Asiya respublikalarının cəmindən çox məhsul istehsal edir. Biz rüşvət cəhalətindən, qaranlığından qurtarmalıyıq”.
Trend Xəbər
25 Sentyabr 2024
31 Avqust 2024