Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə iki nəfərin qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyi barədə əməliyyat məlumatı daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Həmin şəxslərin saxlanılması istiqamətində Baş İdarənin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri hazırlanaraq həyata keçirilib. Onlardan biri, əvvəllər də narkotiklərin qanunsuz dövriyyyəsi ilə məşğul olduğu üçün məhkum edilmiş Vüqar Cəfərov polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onun əlindəki bağlamaya baxış zamanı ümumilikdə 32 kiloqram, o cümlədən 22 kq marixuana, dörd kq heroin, altı kq psixotrop maddə metamfetamin və 1600 ədəd metadon həbi aşkar edilib.
Vüqar Cəfərovla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində əlbir olan Rövşən Qasımov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək idarə etdiyi “Opel” markalı avtomobillə qaçmağa cəhd göstərsə də polislər buna imkan verməyiblər. Polisə tabe olmayan həmin şəxs üzərində olan odlu silahla polis əməkdaşlarına atəş açaraq onların həyat və sağlamlığına böyük təhlükə yaradıb.
Polislər xidməti silahdan havaya xəbərdarlıq atəşi açaraq Rövşən Qasımovdan könüllü təslim olmasını tələb ediblər. Buna baxmayaraq, həmin şəxs müqaviməti davam etdirdiyindən və yenidən qaçmağa cəhd göstərdiyindən o, xidməti silahdan açılan atəş nəticəsində saxlanılıb.
Rövşən Qasımova ilkin tibbi yardım edilib və o, xəstəxanaya yerləşdirilib. Ondan bir ədəd “Makarov” markalı tapança, patronlar, patron darağı, 500 qram metamfetamin, narkotik vasitələrin satışı zamanı pul dövriyyəsində istifadə olunan plastik kartlar və elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.