İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Nizami Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirib.
Bildirilib ki, monitorinq komitə sədri Tural Hüseynovla onun müavini Elçin Şirinovun birgə iştirakı ilə keçirilib:
Monitorinq zamanı müxtəlif maddələrlə şübhəli şəxs kimi saxlanılan 9 nəfərin saxlanma şəraiti ilə maraqlanılıb.
Qeyd edilib ki, onların arasında fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər etməkdə şübhəli bilinən “Mehnur” loqopedik və psixoloji reabilitasiya mərkəzinin direktoru Nuranə Hacızadə, onun köməkçisi Səbinə Əliyarbəyli və mərkəzin psixoloqu Aytac Kazımlı da olub:
“Monitorinq zamanı onların saxlanma şəraitinə baxış keçirilib. Onlarla söhbət zamanı hər biri əməlindən peşman olduğunu qeyd ediblər. A.Kazımlı söhbət əsnasında törətdiyi əməldən peşman olduğunu bildirib. O, həmin vaxt affekt vəziyyətində olduğunu deyib”.
Məlumatda həmçinin vurğulanıb ki, onların hər biri vəkillə təmin olunub.
Qeyd edilib ki, saxlanılan şəxslərin hər birinin ümumi vəziyyəti normaldır, saxlanma şəraiti qaydasındadır və heç bir şikayətləri yoxdur.
Qeyd edək ki, sentyabrın 2-də Nizami rayonu ərazisində fəaliyyət göstərən, nitq qüsurlu uşaqlar üçün “Mehnur” loqopedik və psixoloji reabilitasiya mərkəzində azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən görüntülər yayılıb. Mərkəzdə fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən sentyabrın 3-də saxlanılıb.