Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evdə tiryəkxana təşkil edən qadın saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, saxlanılan Günay Məmmədovanın üzərindən və Nizami rayonunda yaşadığı evdən 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.
G.Məmmədovanın evində narkotik vasitələrin qəbulu və paytaxt ərazisində narkokuryerliklə məşğul olan daha iki nəfər – Elçin Mirzəyev və Teymur Orucov da saxlanılaraq istintaqa cəlb ediliblər.
Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami RPİ-nin istintaq şöbəsinə göndərilib.
Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.