
Elgiz Əkbər bir müddət əvvəl verilişində ekspert kimi çıxış edən Şəfiqə Nağıyeva ilə aralarında baş verən hadisədən də danışıb:
“Artıq Şəfiqə Nağıyeva verilişimdə ekspert kimi iştirak etmir. Əgər söhbət məndən gedirsə ki, mən kiminləsə küsülülük saxlayıram, bu belə deyil. Mən heç kimlə küsülü deyiləm, Azərbaycanda küsülü olduğum heç kəs yoxdur. Yeganə bir nəfər var idi, onunla da barışmışam. O ki, qaldı Şəfiqə Nağıyevaya, biz bir də heç vaxt əməkdaşlıq etməyəcəyik. Yəni onu bir daha mənim efirimdə görməyəcəksiniz”.
Qeyd edək ki, ötən günlərdə Ş.Nağıyeva “Elgizlə izlə” proqramını ağlayaraq tərk edib. Buna səbəb isə onun efirdə keçmiş məhbus olan Nüsrət adlı bəylə davasıdır. Belə ki, Nüsrət münaqişə zamanı vəkilin oğlunun adını çəkib, həm də “Bəs siz niyə boşanmısız” sualını ünvanlayıb.
Ş.Nağıyeva bu üslubdan narahat olub və efirdən göz yaşı tökərək çıxıb, həmçinin buna Elgizin şərait yaratdığını deyərək etirazını bildirib.