Gəncədə polis bölməsinin qarşısında səs-küy salan şəxs həbs edilib.
“Unikal”ın əldə etdiyi məlumata görə, 16 dekabr 2022-ci il tarixdə Gəncə şəhəri ərazisində metal axtaran zaman polis əməkdaşları Elxan Mirzəyevə (ad-soyad şərtidir) yaxınlaşıblar və onun nə işlə məşğul olmasını soruşublar.
O, polis əməkdaşlarına işsiz olduğu üçün zibilliklərdə metal yığıb özünü saxladığını deyib. Bundan sonra polislər ondan şübhələniblər və Elxana bəzi suallar veriblər. Telefon nömrəsini götürdükdən sonra onu sərbəst buraxıblar.
Elxan evə gedib, polislərin ona olan münasibətindən əsəbiləşib və Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək dövlətdən və polislərdən narazı olduğunu bildirib, söyüş söyüb.
Həmçinin, E.Mirzəyev 3 yanvar 2023-cü il tarixdə saat 11:30 radələrində 1-ci Polis Şöbəsinin qarşısında səs-küy salaraq polisin qanuni tələblərinə əməl etməyib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib olunub.
Gəncə Şəhər Məhkəməsinin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.