“Çörək biznesinin hesablamalarına görə, taxılın qiyməti 30 faiz aşağı düşürsə, unun qiyməti 20 faiz aşağı düşməlidir. Unun qiyməti 20 faiz aşağı düşürsə, çörəyin qiyməti də ən azı 15 faiz aşağı düşməlidir. Belə bir kalkulyasiya mövcuddur”.
Bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli unun qiymətinin ucuzlaşmasını şərh edərkən deyib.
Ekspert taxıl bazarındakı ucuzlaşma olduğunu deyib. Onun sözlərinə görə, bu ucuzlaşmanın Azərbaycana təsiri üçün zaman lazımdır:
“Rusiya-Ukrayna müharibəsinə görə taxılın qiyməti kəskin dərəcədə artdı. Son iki aydır ki, dünyanın taxıl bazarlarında 30-35 faiz ucuzlaşma görürük. Taxıl hazırdfa 2021-ci ildəki qiymətlərinə düşüb. Bunun Azərbaycana yansıması bir az zaman alacaq. Çünki biz 75 faiz xaricdən asılıyıq. Azərbaycan keçən ilin sonlarında Qazaxıstan və digər ölkələrdən baha qiymətə taxıl alıb. Müəyyən müddətdən sonra yeni, ucuz taxılın bazara daxil olmasına ehtiyac var”.
O, yay aylarına doğru daha ciddi qiymət düşümü olacağını bildirib:
“Yay aylarına doğru yeni məhsulun, yaz ununun bazara çıxmasına start verilir. Bu da daha çox ucuzlaşmaya səbəb ola bilər. Əgər inhisarçılıq məsələləri təsir göstərməsə, un bazarında rəqabətli mühitin yaradılması ilə bağlı problemlər aradan götürülsə, Azərbaycanda da un və çörəyin qiymətində nəzərə çarpacaq ucuzlaşma görərik. Ümid edək ki, baş verəcək”.