Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə Xidmətin Mədəniyyət Mərkəzində “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri” adlı elmi-praktiki konfrans keçirilib.
Bakuxeber.az-ın məlumatına görə, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin rəhbər əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Fəzail İbrahimli, Milli Məclisin komitə sədrləri Ziyafət Əsgərov, Sadiq Qurbanov və digər millət vəkilləri, təhlükəsizlik orqanlarının veteranları, xüsusi təyinatlı və mülki ali təhsil müəssisələrinin rəhbərləri və professor-müəllim heyətləri iştirak ediblər.
Konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.
Tədbiri giriş nitqi ilə açıq elan edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Heydər Əliyevin mənalı ömrünə nəzər salaraq Ulu Öndərin Vətəni və xalqının rifahı yolunda misilsiz xidmətlərindən, bütün həyatı boyu milli maraqların təmin olunması naminə atdığı qətiyyətli addımlardan geniş söhbət açmışdır. Dahi şəxsiyyətin təhlükəsizlik orqanlarındakı fəaliyyəti ilə əlaqədar fikirlərini bölüşən general-polkovnik Əli Nağıyev Heydər Əliyevin bu qurumda şərəfli xidmət nümunələri yaratdığını, təhlükəsizlik təşkilatının milliləşdirilməsinin məhz onun adı ilə sıx bağlı olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, Heydər Əliyevin vəzifə pillələrində durmadan irəliləyərək, ilk azərbaycanlı kimi təhlükəsizlik orqanının rəhbəri təyin olunması və general-mayor rütbəsinə layiq görülməsi yalnız onun fitri istedadı, dərin analitik təfəkkürü və yüksək bacarıqları nəticəsində mümkün olub.
Xidmət rəisi vurğulayıb ki, daima Azərbaycanı müstəqil görmək arzusu ilə yaşayan və bütün dövrlərdə milli mənafelərin təminatçısı olan Heydər Əliyevin dövlətçilik strategiyasını müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət güclü və qüdrətli Azərbaycanı parlaq gələcəyə, işıqlı sabahlara və yeni-yeni zəfərlərə doğru aparmaqdadır.
Tədbir, iştirakçıların Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin büstü qarşısında xatirə fotoşəklinin çəkilməsi ilə yekunlaşıb.