“Heydər Əliyev Azərbaycan SSR DTK-da işlədiyi vaxtlarda çoxlu sayda uğurlu əməliyyatlar keçirib. Bunların sırasında “Naturalist”, “Duel”, “Axito”, “Alagöz” və s. bu kimi əks-kəşfiyyat işinin şah əsərləri sayıla biləcək əməliyyat kombinasiyalarını sadalaya bilərik”.
Bunu ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “Xalq qəzeti”nə müsahibəsində deyib.
– Cənab general, sıx iş qrafikinizdə müsahibəyə vaxt ayırdığınıza görə təşəkkür edirik. Ümummilli lider Heydər Əliyevin 80 illik ömrünün 25 ili xüsusi xidmət orqanlarında fəaliyyətdə keçib. 100 illik yubiley ərəfəsində geniş ictimaiyyət üçün məhz bu fəaliyyətin təfərrüatı böyük maraq doğurur. İlk növbədə, Azərbaycan xüsusi xidmət orqanlarının 1950-ci illərə qədərki dövrünə tarixi ekskurs etmək istərdik. Sovet hakimiyyətinin ilk illərindən bu xidmət necə formalaşdırılırdı, azərbaycanlı kadrların işə qəbulu və onların xidmət göstərdiyi sahələr hansılar idi?
– Bildiyiniz kimi, 104 illik tarixə malik xüsusi xidmət orqanlarımız öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə, 1919-cu ilin mart ayının 28-də Hərbi Nazirliyin tərkibində yaradılmış Kəşfiyyat və əks-kəşfiyyat bölməsindən götürür. Ulu öndərin 1997-ci il mart ayının 23-də imzaladığı sərəncamla martın 28-nin Azərbaycan Təhlükəsizlik Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü elan edilməsi məhz tarixi varisliyə əsaslanır. AXC-nin fəaliyyətinin qısa zamanı əhatə etməsinə baxmayaraq, ovaxtkı təhlükəsizlik orqanlarımız ölkəmizə qarşı yönələn xarici və daxili təhdidlərin qarşısının alınmasında mühüm işlər görüb. Lakin Azərbaycanın bolşeviklər tərəfindən istilası ilə Xalq Cümhuriyyətinin digər təsisatları kimi bu orqanların da fəaliyyətinə son qoyulub və respublikada sovet ideologiyasına xidmət edən təhlükəsizlik qurumu yaradılıb. Ulu öndər Heydər Əliyevin də dediyi kimi, XX əsrin 20-ci, 30-cu, 40-cı illərində bu orqanlar xalqımızın milli kimliyinə böyük zərbələr vurub. Həmçinin bu orqanlarda rəhbər vəzifələrdə oturan şəxslərin başqa millətlərin nümayəndələrindən və Azərbaycan xalqına yad ünsürlərdən təşkil edilməsi təhlükəsizlik təsisatının milli maraqlardan uzaq bir təşkilat kimi formalaşmasına rəvac verib. Lakin 1944-cü ildə təhlükəsizlik orqanlarında xidmətə başlayan və vəzifə pillələrində addım-addım irəliləyən Heydər Əliyevin 1950-ci illərin əvvəllərindən – Əks-kəşfiyyat şöbəsində rəhbər vəzifələrdə işlədiyi vaxtdan təhlükəsizlik orqanlarının tərkibinin milliləşdirilməsi, milli düşüncəli azərbaycanlı kadrların bu orqanlara cəlb olunması yönümündə fəaliyyəti o dövr üçün, heç şübhəsiz, böyük cəsarət və hünər tələb edən bir addım idi. Həmin illərdə azərbaycanlılar, əsasən, qeyri-əməliyyat sahələrində xidmət edirdi. Xidmətə qəbul və rəhbər vəzifələrə təyinat məsələlərinin Moskvada həll olunmasına baxmayaraq, Heydər Əliyevin misilsiz səyləri nəticəsində qısa zaman ərzində xüsusi xidmət orqanlarının tərkibi milliləşdi və ulu öndərin rəhbərliyi altında bu qurumun fəaliyyətinə önəmli töhfələr vermiş azərbaycanlı kadrlardan ibarət yeni nəsil yetişmiş oldu. Həmin əməkdaşlar bu orqanlara Heydər Əliyevin təşəbbüsü ilə qəbul edildikdən sonra kəşfiyyat və əks-kəşfiyyat sahələrində mühüm əməliyyat tapşırıqlarını uğurla icra etməyə başladılar.
– 1950-ci ilin 25 avqustuna qədər gənc zabit Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında müxtəlif vəzifələrdə çalışırdı. Bəs onun həmin dövrün DTK naziri Yemelyanovun əmri ilə Bakıya – Azərbaycan SSR DTK-nın mərkəzi aparatına təyinatında hansı keyfiyyətləri rol oynadı?
– Sirr deyil ki, Heydər Əliyevin dərin biliyə, iti zəkaya, geniş dünyagörüşünə malik olması hələ gənclik dövründən özünü büruzə verməyə başlamışdı. Malik olduğu fitri istedad, işgüzar və şəxsi keyfiyyətlər daim Heydər Əliyevi öz yaşıdları arasında fərqləndirib və çox qısa zamanda onun yüksək vəzifələrə təyinatına imkan verib. O dövrdə Bakıda, Mərkəzi Aparatda bilikli, savadlı, geniş əməliyyat təfəkkürünə malik əməkdaşlara ciddi ehtiyac duyulurdu. Belə bir məqamda Heydər Əliyev kimi bir kadr burada işləyən rəhbər şəxslərin diqqətindən yayına bilməzdi. Beləliklə, Heydər Əliyev 1950-ci ilin avqustunda Azərbaycan SSR Dövlət Təhlükəsizlik Nazirliyində bölmə rəisi vəzifəsinə irəli çəkilir. Mərkəzi aparata gəldikdən sonra burada da ətrafındakı əməkdaşlardan bütün cəhətləri ilə seçilməsi, bu orqanların xalqımızın milli mənəviyyatına ziyan vuran ünsürlərdən təmizlənərək yerli kadrların işə cəlb olunması üçün inadla fəaliyyət göstərməsi, əlbəttə ki, qurumun ovaxtkı rəhbər şəxsləri qıcıqlandırdığından onun bu fəaliyyətinə ciddi maneə törətməyə çalışırlar. Hətta bu amillər Heydər Əliyevin qısa bir zamanda vəzifə pilləsində aşağı salınması ilə də nəticələnir.
Lakin belə maneələr Heydər Əliyevi öz məqsədindən çəkindirə, yolundan edə bilməzdi. Çox keçmir ki, onun zəngin xidməti karyerasını ardıcıl vəzifə yüksəlişləri əvəz edir və o, 1958-ci ildə gənc yaşında Əks-kəşfiyyat şöbəsinin rəisi vəzifəsinə yüksəlir. Qeyd olunmalıdır ki, həmin şöbənin rəisi DTK Kollegiyasının üzvü olmaqla, bu şöbə əməkdaşların sayına və yerinə yetirdiyi işlərin həcminə görə ən böyük struktur vahidi sayılırdı.
– Əli müəllim, ulu öndərin 30 yaşlarında Azərbaycan SSR DTK-nın 2-ci şöbəsinə rəhbərliyinin həmin dövrə qədər formalaşmış stereotiplərin qırılmasında əhəmiyyəti nə dərəcədə idi? Daha geniş yanaşsaq, Azərbaycan DTK-nın əks-kəşfiyyat işində nə dəyişdi?
– Qeyd etməliyəm ki, ulu öndərin 1950-ci illərin əvvəllərindən təhlükəsizlik orqanlarının milliləşdirilməsi istiqamətində göstərdiyi səylər Əks-kəşfiyyat şöbəsinin rəisi kimi məsul bir vəzifəyə təyin olunduqdan sonra daha geniş vüsət aldı. Təsadüfi deyil ki, 50-ci illərin sonlarından başlayaraq 60-cı, 70-ci illəri Heydər Əliyevin birbaşa rəhbərliyi və sonralar da onun himayəsi altında təhlükəsizlik orqanlarının intibah dövrü adlandırırıq. Heydər Əliyev 2-ci şöbənin rəisi təyin olunduqdan sonra təhlükəsizlik orqanlarına qəbul olunmuş azərbaycanlı kadrların sayının durmadan artması, onun diqqət və qayğısı ilə bu sahədə yeni gənc nəslin yetişməsi, təbii ki, bu qurumun fəaliyyətinə müsbət təsirini göstərməklə yanaşı, ulu öndərin respublikaya rəhbərliyi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu vaxtlarda da təhlükəsizlik orqanlarının fəaliyyətinin səmərəli qurulmasını şərtləndirib. Bunu sadəcə belə ifadə etmək olar ki, Heydər Əliyev bu addımı ilə, sanki, gələcək müstəqil Azərbaycan dövlətinin kadr potensialını yaradırdı.
– Ümummilli liderin 1950-69-cu illərdə Azərbaycan SSR DTK-da şəxsən iştirak etdiyi və rəhbərlik etdiyi – “Duel”, “Alagöz”, “Naturalist”, “İzuver”, “Axito” və başqa əməliyyat oyunlarının regional və ümumittifaq əhəmiyyətini necə qiymətləndirə bilərik? Heydər Əliyevin məhz “çekist” kimi fəaliyyət miqyasını təsvir etsək, hansı mənzərənin şahidi olarıq?
– Heydər Əliyev Azərbaycan SSR DTK-da işlədiyi vaxtlarda çoxlu sayda uğurlu əməliyyatlar keçirib. Bunların sırasında “Naturalist”, “Duel”, “Axito”, “Alagöz” və s. bu kimi əks-kəşfiyyat işinin şah əsərləri sayıla biləcək əməliyyat kombinasiyalarını sadalaya bilərik. Qürurvericidir ki, bu gün Heydər Əliyevin adını daşıyan DTX-nin Akademiyasında həmin əməliyyat işləri gələcəyin əməkdaşlarına öyrədilir. Bütün bu əməliyyatlara aid sənədli materiallarla yaxından tanış olduqda onların qurulmasında mahir əks-kəşfiyyatçı izini, Heydər Əliyev dəst-xəttini, Heydər Əliyev peşəkarlığını görmüş olursan.
Keçirdiyi əməliyyatlarla bağlı əvvəlcədən qurduğu əməliyyat planları onun uzaqgörənliyinin, təhlil etmək bacarığının mücəssəməsidir. Necə deyərlər, bu bir elmdir, ustad dərsidir, şedevrdir. Bu fikirlər vaxtilə Heydər Əliyevlə birgə çiyin-çiyin çalışmış və iş üslubuna yaxından bələd olan veteran əməkdaşlarımız, xidməti ərzində yolları bu dahi şəxsiyyətlə kəsişmiş digər şəxslər tərəfindən də birmənalı olaraq etiraf edilir. Sadalananlar həm ölkə daxilində, həm də onun sərhədlərinin xaricində Heydər Əliyevi peşəkar təhlükəsizlik zabiti kimi tanıdır və xarakterizə edir.
– Sovetlər İttifaqının sonu, müstəqilliyin bərpasının ilk illərinə nəzər salsaq, Azərbaycana qarşı həm siyasi, həm ideoloji cəbhədə total hücumları görərik. Heydər Əliyevin Siyasi Bürodan istefasından sonra Azərbaycana qarşı ərazi iddiaları hərb müstəvisinə keçdi. Hətta SSRİ DTK-nın mümkün planları reallaşdırıldı – 1988-ci il Sumqayıt hadisələrini nümunə çəkə bilərik. 2 il sonra imperiyanın 20 Yanvar faciəsi törədildi. Bütün bu proseslər lider fenomeninin yoxluğu nöqteyi-nəzərindən necə görünür?
– Məlumdur ki, Heydər Əliyevin Sovetlər İttifaqı rəhbərliyindən qərəzli şəkildə, müxtəlif səviyyələrdə böhtan kampaniyası aparılmaqla uzaqlaşdırılması Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələri fəallaşdırdı. İttifaqın tərkibinə daxil olan xalqların öz azadlığına qovuşmaq arzusunu beşiyində boğmağa çalışan Moskvada hakimiyyət başında oturan bəzi qüvvələr millətlərarası nifaq toxumu səpməklə yeni münaqişə ocaqlarının yaranmasına çalışırdı. Təbii ki, Azərbaycan da bu planlardan kənarda deyildi. Heydər Əliyevin siyasi hakimiyyətdən kənarlaşdırılması ermənilərin soydaşlarımıza qarşı etnik təmizləmə prosesi aparmasına, Sumqayıt və 20 Yanvar hadisələri kimi qanlı hadisələrin törədilməsinə şərait yaratmış oldu. 1988-ci ildə Qarabağ ətrafında başlanan təlatümlü hadisələrin münaqişə ilə müşayiət olunaraq torpaqlarımızın Ermənistan tərəfindən işğala məruz qalması ilə nəticələnməsi isə tariximizin qan yaddaşına çevrilmiş oldu.
Bütün bunlar, təbii ki, o dövrdə Azərbaycanda güclü siyasi liderə ehtiyacın nə dərəcədə olduğunu bütün çılpaqlığı ilə nümayiş etdirdi. Həyatı hər an təhlükədə olan Heydər Əliyevin o dövrdə Azərbaycan xalqına qarşı törədilən qırğınlarla bağlı millətinin səsinə səs verərək bütün dünya birliyinə baş verən hadisələrə siyasi-hüquqi qiymət verilməsi üçün çağırış etməsi bu şəxsiyyətin böyüklüyünü bir daha göstərmiş oldu.
Lakin təəssüflər olsun ki, ulu öndərin həyatına təhlükə yaradılması üçün nəinki mərkəz Moskvadan, həmçinin ölkə daxilində olan bəzi məkrli qüvvələr tərəfindən də bəzi planlar cızılır, ovaxtkı səriştəsiz və bacarıqsız hakimiyyət nümayəndələri Heydər Əliyevin Bakıya gəlməyinə hər vəchlə mane olmaqla kifayətlənməyərək, onu həyatına son qoyacaqları ilə də hədələyirdilər.
– 1990-cı ildən xalq azadlıq mübarizəsini məntiqi sonluğa çatdırmaq üçün güvəndiyi liderə ehtiyac duyurdu. Həmin ilin iyulundan ulu öndər Heydər Əliyev Moskvadan Bakıya, 2 gün sonra Naxçıvana dönür. Bu dövr, Heydər Əliyevin 1990-93-cü illərdəki Naxçıvanda fəaliyyəti azərbaycançılıq məfkurəsinin reallaşdırılmasının nümunəsi kimi necə qiymətləndirilə bilər?
– Bəli, qeyd etdiyiniz illər ulu öndərin Naxçıvan MR-dəki fəaliyyəti ilə əlamətdardır. Lakin vurğulanmalıdır ki, Naxçıvan camaatının hərtərəfli dəstəyini öz üzərində hiss edən və yekdil səslə Naxçıvan Ali Məclisinin sədri seçilən Heydər Əliyevin ömrünün ən qayğılı və ağrılı-acılı günləri də məhz bu dövrə təsadüf edir. Müstəqilliyinin itirilməsi və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın gələcək naməlum taleyi onun ürəyini göynədirdi. Mən bu məqamda ulu öndərlə bağlı şəxsi xatirəmi də bölüşmək istərdim.
Mən o illərdə Milli Təhlükəsizlik Nazirliyinin Nərimanov rayon şöbəsinin rəisi vəzifəsində xidmət edirdim. Vəziyyət elə gətirdi ki, həvalə olunmuş əməliyyat tapşırığının icrası ilə əlaqədar 1993-cü ilin aprel ayında Naxçıvan şəhərinə getməli oldum. O zaman Naxçıvan MR-in milli təhlükəsizlik naziri Abbas Əsgərov idi. Onunla görüşdüm və verilmiş əməliyyat tapşırığının icrasına dair geniş fikir mübadiləsi apardıq. Sonra A.Əsgərov gəlişim barədə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə telefonla zəng edərək məruzə etdi. Abbas müəllim dəstəyi yerə qoyan kimi Heydər Əliyevin məni qəbul etmək istədiyini bildirdi. Sözün açığı, bu mənim üçün gözlənilməz oldu. Ulu öndərlə həmin görüşdə onun ölkənin düşdüyü böhranlı vəziyyətdən, muxtar respublikanın blokada şəraitində qalmasından nə dərəcədə narahat olduğu, belə vəziyyətin onu nə qədər incitdiyi açıq-aydın sezilirdi.
Eyni zamanda, o, söhbət əsnasında vaxtilə təhlükəsizlik orqanlarında özünün gərgin səyləri ilə formalaşdırdığı kadr korpusundan əsər-əlamət qalmadığını, böyük zəhmətlə yetişdirdiyi peşəkar əməkdaşların bir çoxunun fəaliyyətlərindən qərəzli şəkildə uzaqlaşdırılmalarını xüsusi vurğulamışdı. Ulu öndərin bu orqanda o dövrdə hökm sürən belə vəziyyəti necə dərin təəssüf hissi ilə qarşıladığını görməmək mümkün deyildi.
– Ulu öndərin 1993-2003-cü illər müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyəti dövrünə nəzər salaq: ömrünün 25 ilini xüsusi xidmət orqanlarına həsr etmiş liderin xüsusi, tarixi, milli prioritetlərinin xarici siyasətin qurulmasında və ölkənin informasiya, iqtisadi, hərbi blokadadan çıxarılmasında rolu barədə fikirlərinizi öyrənmək istərdik?
– Ulu öndərin xalqın təkidli tələbi ilə növbəti dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın ikinci intibah dövrünə qədəm qoymasına səbəb oldu. Ölkəmizin təhlükəsizliyinə qarşı yönəlmiş qüvvələrə qarşı uğurlu əməliyyatlar həyata keçirildi, sabitlik və əmin-amanlıq təmin edildi, Ermənistanla atəşkəsə nail olundu. Reallaşdırılan yeni iqtisadi layihələr, aparılan uğurlu daxili və xarici siyasət kursu ilə ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyevin rəhbərliyi altında respublikamız yüksələn xətlə inkişaf etməyə başladı. Təbii ki, bu yüksəliş təhlükəsizlik orqanlarının da fəaliyyətində öz sözünü dedi. Bu orqanların fəaliyyətinin səmərəli qurulması, kadr potensialının formalaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldı.
O dövrlər həmçinin təhlükəsizlik orqanlarımızın tarixində ulu öndərin şəxsi heyətlə görüşləri ilə yadda qalmışdır. Bunların sırasında 1997-ci ilin 28 iyun tarixində Milli Təhlükəsizlik Nazirliyinin akt zalında təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş tədbiri xüsusi qeyd etmək istərdim. Təntənəli mərasimdə ümummilli liderimizin bir neçə saat yorulmadan söylədiyi nitqi bir həyat dərsi, eyni zamanda bu orqanların tarixinə bir ekskursiya adlandırsam yəqin ki, yanılmaram. O görüşdə ulu öndərin səsləndirdiyi dəyərli fikirlər o dövrün gənc əməkdaşları olan bizə verdiyi öyüd-nəsihətlər bu günədək xatirimdədir.
– Ümummilli lider Heydər Əliyev çıxışlarından birində demişdi ki: “müstəqilliyi qazanmaq nisbətən asandır, onu qorumaq, möhkəmləndirmək qat-qat çətindir”. 2023-cü ilin reallığından baxdıqda, bu ifadənin xüsusi xidmət orqanlarına aid hissəsi nədən ibarətdir? Mövcud geosiyasi vəziyyətdə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində xüsusi xidmət orqanlarının üzərinə düşən missiya necə reallaşdırılır?
– Bildiyiniz kimi, müasir dövrümüzdə qlobal təhlükəsizliyimizə çoxsaylı təhdidlər mövcuddur. Yeni müharibə və münaqişə ocaqları, terrorçu və ekstremist qüvvələrin öz fəaliyyətlərini aktivləşdirməsi, regionumuzun bəzi ölkələrinin xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyətini həyata keçirməsi cəhdləri bizi daim ayıq-sayıq olmağa sövq edir.
Bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda müasir çağırışlara adekvat cavab verə bilən təhlükəsizlik sistemi qurulub. Dövlətimizin başçısı tərəfindən milli təhlükəsizliyimizin etibarlı təmin olunması üçün qarşıya mühüm vəzifələr qoyulub. Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti bu vəzifələrin öhdəsindən layiqincə gəlmək əzmində və gücündədir.
Xalqımızı və müzəffər Ali Baş komandanı əmin edirik ki, ulu öndərin peşəkarlıq məktəbini layiqli şəkildə davam etdirərək gecə-gündüz yorulmadan çalışan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları bundan sonra da respublikamızın müstəqilliyinə, ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə yönələn hər cür plan və niyyətlərin qarşısını qətiyyətlə alacaqdır!
– Əli müəllim, maraqlı müsahibə üçün təşəkkürümüzü bildiririk.