Redaksiyamıza 17 saylı tam orta məktəbin 5-ci “ç” sinifində təhsil alan şagirdlərin valideyinləri tərəfindən, bu məktəbin direktoru Nazilə xanım Alıyevaya ünvanladıqları şikayət ərizəsinin bir surəti daxil olub. Valideyinlər ərizələrində qeyd edirlər ki, “Övladlarımız bu gün 17 saylı tam orta məktəbdə təhsil alırlar və onlara iki ixtisas fənnindən dərs keçən Yuliya Hacıyeva, gündəlik övladlarımızın psixologiyasını pozmaqla məşğul olur. Bir sözlə, Yuliya xanımın metodikası və şagirdlərə qarşı davranışı heç də xoşagələn deyil. O, uşaqları hədələyir, heç bir əsas olmadan onların üstünə qışqırır, təhqir edir, onları ağladır. Ən pis hal ondan ibarətdir ki, Yuliya Hacıyeva tədris keçdiyi dərslikləri yaxşı izah edə bilmir, uşaqların ünvanladıqları sualları cavablandıra bilmədiyindən, o, hər zaman suallardan yayınmağa çalışır. Övladlarımız ondan qorxduqları üçün, təkrar Yuliya Hacıyevaya sual vermək istəmirlər. Bir sözlə, bu xanım müəllimə övladlarımızı ağlatmaq dərəcəsinə gətirir, özü çox zaman dərsə gecikir, oturub yeməkxanada çay içir. O, şagirdləri təhdid edir və onlara bildirir ki, “Siz hara və kimə şikayət etsəniz, bilin ki, mən sizdən əvvəl şikayət edəcəyəm. Siz evdə bu haqda kiməsə nəsə deməyin, heç kim sizin dediklərinizə inanmayacaq”. Yuliya xanım maddi və mənəvi cəhətdən zəif olan şagirdlərə kollektiv qarşısında rişxənd edir, onların çatışmayan cəhətlərini üzlərinə deyir, bir sözlə onları mənəvi cəhətdən sındırır. Əslində, bu heç bir pedaqoqa yaraşmayan hərəkət olsa da, o, bu cür addımları atmağı özü üçün şərəf bilir və beləliklə də şagirdlərin hüquqlarını pozmaqla məşğul olur. Diqqət yetirək ki, Yuliya Hacıyeva öz ailəsində hansı problemlə üz-üzə qalırsa o, öz heyfini şagirdlərdən çıxmağa çalışır. Odur ki, biz valideyinlər bu xanım müəllimənin övladlarımıza dərs keçməsinin qəti əleyhinəyik. Çünki, o, bu cür addımları, özünəməxsus yanaşması ilə uşaqlarımızın əxlaqını, tərbiyəsini pozur. Ulu öndər Heydər Əliyev demişdi: “Uşaqlar Azərbaycanın sabahı, bizim gələcəyimizdir”.Bəli, Ulu Öndərin bu kəlamından da görünür ki, biz cəmiyyətimizə sağlam düşüncə və əqidə sahibi olan gənclər böyütməliyik. Çünki, onlar həm bizim gələcəyimiz, həm də sabahkı cəmiyyətimizin təminatçıları olacaqlar.