Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
O, ağır xəstəlikdən – şəkərli diabet əziyyət çəkirmiş.
Saytın əldə etdiyi məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən hakim intihar edib.
Qeyd edək ki, İlqar Dadaşov 1962-ci ildə anadan olub. O, 1984-1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
1989-1993-cü illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Neftçala rayon hüquq məsləhətxanası vəkil kimi çalışıb. 1993-2000-ci illərdə Azərbaycan Respublikası Prokurorluğunda idarə prokuroru olub.
2000-2007-ci illərdə Azərbaycan Respublikası İqtisad Məhkəməsində, 2007-2010-cu illərdə isə Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində çalışıb.
İ.Dadaşov 2010-cu ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi idi.
Tanınmış hakim 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdi.