Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanda böyük sosial dəstək paketi icra olunur. Şəhid ailələri və qazilər, erməni terrorundan zərər çəkənlərdən ibarət artıq 100 min şəxs bu dəstək tədbirləri ilə əhatə olunub və onlara dəstək yönümlü 175 min xidmət göstərilib.
Mövzu ilə bağlı “Report”un məqaləsini təqdim edirik.
Ötən dövr ərzində Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin sosial təminat hüquqlarının çevik şəkildə reallaşdırılması təmin olunub. Onların müraciətinə, zəruri sənədləri təqdim etmələrinə ehtiyac qalmadan bu sənədlər aidiyyəti qurumlardan alınıb və e-sistem üzərindən proaktiv qaydada sosial ödənişlər təyin olunub.
Hazırda şəhid ailələri və bu kateqoriyadan olan vətəndaşlarla bağlı geniş sosial dəstək paketi icra olunur. Bu paket çərçivəsində Vətən müharibəsində yaralanmış və müalicə müddəti bitmiş hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işləri davam etdirilir. Göndəriş və şəhadətnamə, əyani müayinənin nəticələri əsasında qəbul edilən şəffaf və obyektiv qərarlar nəticəsində artıq 3 000-dək şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və sosial ödənişlər təyin edilib.
Həyata keçirilən tədbirlər fonunda bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısına etiraz aksiyası keçirməyə gələnlərlə bağlı məsələni araşdırdıqda bir neçə fakt ortaya çıxır.
Nazirlikdən verilən məlumata görə, etiraza gələn qazilərin də bir qisminə əlillik və sosial ödənişlər təyin edilib. Bununla belə onlar qazi yoldaşlarına dəstək məqsədilə gəldiklərini, həmin qazilərə əlillik təyin olunmasını tələb etdiklərini bildiriblər. Onlara izah olunub ki, barəsində təqdim edilən göndəriş və şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də əyani müayinə zamanı hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas yaratmadığı müəyyən olunan şəxslərə əlillik dərəcəsi təyin edilə bilməz.
Lakin aksiya zamanı nazirliyin əməkdaşlarının onları dinləməsinə, müraciətlərinin araşdırılaraq cavablandırılacağını bildirilməsinə baxmayaraq, bəzi qazilər zorakılıq tətbiq edib, nazirliyin qəbul şöbəsinin qapısını, pəncərələrini qıraraq, kompüter avadanlıqlarını, turniketi sındırıb, dövlət əmlakına ziyan vurublar