Ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi və emal edilməsi ilə məşğul olan daha bir dəstənin üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyindən Bakufakt.az–a verilən məlumata görə, ölkənin cənub rayonlarında yerləşən meşə massivlərində, eləcə də “Hirkan” Milli Parkı ərazisində ağacların kütləvi olaraq qırılması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumatlar daxil olub. Həmin məlumatlar nəzarətə götürülüb və araşdırılıb, zəruri əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə qeyd edilən ərazilərdə fıstıq, ağcaqayın, qızılağac və s. qiymətli ağac növlərinin kütləvi şəkildə kəsildiyi müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ağacların kəsilməsi ilə məşğul olan mütəşəkkil dəstənin başçıları Anar İbrahimov, Ramin Qafarov, Rasif Ağayev, həmçinin onlar tərəfindən ağacların kəsilməsinə cəlb edilən Alim Əliyev, Emin Sadıxov, Rahim Rəhimov, Niyaməddin Nəbiyev, Ramin İbadov, Elsevər Qafarov və Hafiz Məmmədov müəyyən edilərək saxlanılıblar. Dəstə üzvlərinin qanunsuz əməlləri, onların ağacları kəsməsi və satması təkzibedilməz faktlarla sübuta yetirilib.