“Xaçmaz-Quba yolunda “KamAZ” markalı yük avtomobilinin VAZ-2106 markalı minik avtomobili ilə toqquşması barədə yalan məlumat yayan şəxs məsuliyyətə cəlb olunub”.Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.Onun sözlərinə görə, polisə zəng edərək yalan məlumat verən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb:“C.Əliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 564-cü (bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə) maddəsinə uyğun olaraq qanunamüvafiq tədbir görülüb.”Qeyd edək ki, ötən gecə Xaçmaz-Quba yolunda “KamAZ” markalı yük avtomobilinin VAZ-2106 markalı minik avtomobili ilə toqquşması barədə yalan məlumat yayılıb. Media ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, Təcili Tibbi Yardım, Post Patrul Xidmətinin əməkdaşları hadisənin baş verdiyi deyilən yerə cəlb olunublar.
Həmin əraziyə gələn qurum nümayəndələri məlumatın yanlış olduğuna şahidlik ediblər.