Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edənlər ərizə yazmaq üçün polisə çağırılmayacaqlar.
Vətəndaşlar polis idarəsinə getmədən DİN-in səlahiyyətində olan bir çox xidmətlərdən onlayn qaydada yararlana biləcəklər. Bu, “e-polis” tətbiqi sayəsində mümkün olacaq.
“102” xidmətinə məlumat verən şəxslər fakt üzrə ilkin ərizənin alınması üçün polisə dəvət olunmayacaqlar. Bu qəbildən müraciətlərlə əlaqədar sənədləşdirmə onlar üçün rahat şəraitdə, yaşadıqları və ya olduqları ünvana gələn polis əməkdaşları tərəfindən aparılacaq. Tətbiq vasitəsilə məhkumluq, nəqliyyat vasitəsinin zədələnməsi, axtarışda olması, icbari sığorta və vətəndaşın olduğu yer üzrə arayışlar üçün müraciətlər etmək və onları rəqəmsal formada əldə etmək mümkündür.
Bölmələrə keçid edərək Daxili İşlər Nazirliyinin səlahiyyətində olan məsələlərlə bağlı informativ məlumatlar əldə edə, sənədlərinizi nəzərdən keçirə və cərimələrinizi onlayn qaydada ödəyə bilərsiniz.
“E-polis” tətbiqində həmçinin fəaliyyət istiqamətləri üzrə, eləcə də xidmətə qəbulla bağlı müraciətlər alınır və cavablandırılır. Həmçinin proqram vasitəsi ilə borcla bağlı ölkədən çıxışa qadağa qoyulmasını, işğaldan azad edilən ərazilərə buraxılış icazəsinin mövcudluğunu da yoxlamaq olar. Tətbiq artıq “Play market” mobil mağazasına yerləşdirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.