Azərbaycan Respublikasının Prezidenti İ. Əliyev cənablarına.
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya.
Azərbaycan Respublikası Milli Məclisin sədri xanım Sahibə Qafarovaya
Azərbaycan Respublikasının Baş Prokuroru cənab K. Əliyevə.
Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidmətinin Rəisi cənab Ə. Nağıyevə.
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) xanım Sahibə Əliyevaya.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə.
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sədrinə.
İmişli rayonu Qulubəyli kənd sakini 2-ci qrup əlil Nağıyev Qalib Qaraseyid oğlu tərəfindən
Şikayət Ərizəsi:
Cənab Prezident!
Şikayətim Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Rəşad Məhərrəmov barəsindədir.
Cənab Rəşad Məhərrəmovun mənə ünvanladığı 05 fevral 2024-cü il tarixli bildirişdə göstərir ki, “TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir” 05 mart 2024-cü il tarixdə məni əyani müayinəyə dəvət etmişdir.
2006-cı ildən Qarışıq-Bronxial Astma xəstəliyindən əziyyət çəkirəm. 2014-cü ildə mənə 2-ci qrup əlillik təyin olunmuşdur. 2021-ci ilin aprel ayında təkrar əlillik təyin olunması üçün TSEK-ə müraciət etsəm də qanunsuz imtina cavabları verildi. Belə olan təqdirdə müraciət edib 06 dekabr 2021-ci il tarixdə TSEK-də əyani müayinə olundum. Həkim xəstə olduğumu təsdiq etdi. Ancaq aylar keçsədə nə imtina verilmədi, nə də əlillik təyin olunmadı. Bu barədə Yuxarı instansiya rəhbərlərinə müraciət edib məsələyə aydınlıq gətirilməsini xahiş etdim. TSEK-in sabiq sədr müavini Mətanət Məmmədovanın şikayətlərim ilə əlaqədar mənə verdiyi cavablarda konkret olaraq bildirildi ki, guya 06 dekabr 2021-ci il tarixdə TSEK-də müayinə olunmamışam. Əlacsız qalıb yenidən onlayn qaydada əyani müayinə üçün TSEK-ə müraciət etdim. 03 mart 2022-ci il tarixdə TSEK-də məni üç həkim müayinə edərək xəstə olduğumu təsdiqlədi. 2-ci qrup əlilliyim 08.11.2021-ci il tarixə qeyd olunmaqla beş il müddətinə təyin olundu.
05 mart mart 2024-cü il tarixdə TSEK-də komissiya tərəfindən aparatla ciyərim yoxlanılaraq müayinə olundum. Ancaq TSEK üzvü olan üç xanım həkim mənim ağır xəstə olmağıma inanmadılar. Nəfəsimi dərindən alıb-verərkən baş verən xırıltı və öskürəyə şübhə etdilər. Daha sonra məni nəfəs aparatından keçməyə göndərdilər. İki gənc qız dəfələrlə, müxtəlif üsullarla nəfəs aparatına məni üfürtmək istəsələr də hər dəfə nəfəs aparatına üfürməyə öskürək imkan vermədi. Dəhşət budur ki, beş xanım həkim nəfəs verə bilməməyimin səbəbini anlamaq istəmirlər, ya anlayaraq, məqsədyönlü şəkildə əlilliyimi ləğv etmək üçün belə bir qanunsuz hərəkət edirlər.
Mən nəfəsimi daxilə çəkib daha sonra xaricə buraxarkən ciyərlərimin bronxlarında olan xəstəliyimin əlaməti olan çirkli maddələr tərpənərək orada qıcıqlanma yaradır. Odur ki, nəfəsi dərindən alıb-verərkən istər-istəməz öskürməyə başlayıram. TSEK-də komissiya üzvləri məndən soruşurlar ki, mən niyə otağa girəndə öskürmürdüm. Ona görə ki, mən təngənəfəs olmamağın üçün çox yavaş hərəkət edirəm və dərindən nəfəs almıram. TSEK üzvləri mənə dərindən nəfəs almağı əmr edərək öskürək başlayır və xeyli müddət davam edir. TSEK komissiya üzvlərini qarışıq formada kəskin ventilyasiya pozğunluğu ilə müşayiət olunan Bronxial-Astma xəstəsi olmağım maraqlandırmır. Onların məqsədi ancaq mənim əlilliyimi ləğv etməkdir. Onları belə görürəm ki, mən ancaq Astmatik Status vəziyyətinə düşəcəyim təqdirdə onlar qərəzli mövqelərindən bəlkə əl çəkərlər. Astmatik Statusa düşmək mənim ancaq hərəkətsiz halda nosilka ilə bir yerdən başqa yerə aparılması deməkdir.
Xahiş edirəm izahatım əsasında sözügedən TSEK üzvlərinin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilərək barələrində qanunamüvafiq tədbir görülsün.
Baxış sayı 611